Məşhəd - İRNA - İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı deyib: “Nüvə məsələsində bizim prioritetimiz diplomatiya yolu və məsələnin ədalətli və təhdid atmosferindən uzaq həllidir, bununla belə, biz istənilən miqyasda istənilən müharibəyə hazırıq.”

General-mayor Hüseyn Səlami cümə axşamı İmam Rza (ə) Hərəminin İmam Xomeyni (r) eyvanında xidmət şəhidlərinin anım mərasimində əlavə edib: “Amerikalılar bilməlidirlər ki, təhdid etsələr, biz istənilən miqyasda müharibəyə hazırıq.”

"Amerikalılar yeni təhdidlər və sanksiyalarla özlərinin vəfasız və etibarsız olduqlarını göstərdilər" - deyə, o, qeyd edib.

SEPAH-ın baş komandanı bildirib: “Onlar bilməlidirlər ki, İran İslam Respublikası könüllü olaraq və öz siyasi iradəsi ilə nüvə silahına can atmır və onu müdafiə doktrinasından çıxarıb.”

Həyati maraqlarımızdan əl çəkməyəcəyimizi bildirən baş komandan deyib: “Cinayətkar sionist rejimin baş nazirinin eyhamları amerikalı məmurların beynində işləyir və onları sonsuz müharibəyə sürükləyir.”

General-mayor Səlami qeyd edib ki, amerikalılar başqa ölkələrə müdaxilələrindən acı təcrübələr keçiriblər və ağıllı olmalıdırlar, sionist rejimin cinayətkar baş nazirinin sözlərinə aldanmamalı və müdrik hərəkət etməlidirlər.

SEPAH-ın baş komandanı vurğulayıb: “Düşmənlərimizə ciddi xəbərdarlıq edirik: əgər səhvə yol versəniz, cəhənnəmin qapılarını üzünüzə açacağıq.”

“Düşmənlərə deyirik ki, sizin üçün geniş hazırlıq görmüşük. Səhv etsəniz, başınıza elə fəlakət gətirəcəyik ki, Doğru Vəd-1 və Doğru Vəd-2-ni tamamilə unudacaqsınız” - deyə, o, xəbərdarlıq edib.

General Səlami əlavə edib: “Biz işğalçı sionist rejim səlahiyyətlilərinə deyirik: “Yəmənin qəhrəman Ənsarullahının sizin hava limanınıza dəyən bir raketinə dözə bilmirsinizsə, yüzlərlə, minlərlə raketlərə necə dözəcəksiniz? Odur ki, yerinizdə oturun.”