London - İRNA - İran İslam Respublikasının BMT-nin Cenevrədədəki səfiri və daimi nümayəndəsi birtərəfli məcburi addımları və qlobal iqtisadiyyatdan instrumental istifadəni pisləyərək, davamlı inkişaf və qlobal böhranlarla mübarizə üçün dünyanın Cənub ölkələri arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Əli Bəhreyni bu gün (cümə axşamı) BMT-nin Cenevrədəki ofisində üzv ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilən Qlobal Cənub Nümayəndələr Ali Şurasının 25-ci iclasında müasir dünyanın mürəkkəb və çoxşaxəli çağırışlarına toxunaraq, hər hansı birtərəfli məcburi addımı və ticarət, maliyyə sistemi və beynəlxalq iqtisadiyyatın ölkələrə qarşı təzyiq aləti və silah kimi istifadəsini qətiyyətlə pisləyib.

İranın daimi nümayəndəsi cənub ölkələrinin təsirli imkanlarına toxunaraq bildirib: “Dünyanın Cənub ölkələri hazırda qlobal ixracın təxminən 40 faizini təşkil edir və bu, 1964-cü ildən bu yana 22 faizdən çox artmış rəqəmdir.”

Səfir Qlobal Cənub arasında birliyin qorunub saxlanmasının və əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayaraq, bu məsələni davamlı inkişaf və beynəlxalq böhranlara effektiv cavab vermək üçün strateji prioritet kimi qiymətləndirib. 

Bu görüşdə digər ölkə nümayəndələri də birtərəfli məcburi addımları pisləyib, çoxtərəfli ticarət sistemini dəstəkləyib və mövcud vəziyyətdə Cənub Mərkəzinin mühüm rolunu alqışlayıblar.

Cənub Mərkəzi Qlobal Cənub ölkələri üçün hökumətlərarası beyin mərkəzidir və bu ölkələrin beynəlxalq iqtisadi inkişaf gündəliyinin irəliləyişində əsas rol oynayır.