Tehran - İRNA - Xarici İşlər Nazirliyinin sözçüsü Ərəb Liqasının Bağdad sammitinin yekun bəyanatında İranın üç adası, Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adası ilə bağlı irəli sürülən iddiaları tamamilə rədd edib.

Bazar ertəsi, mayın 19-da İsmayıl Bəqayi İranın üç adası, Böyük və Kiçik Tunb və Əbu Musanın İran ərazisinin ayrılmaz hissəsi olduğunu vurğulayaraq dedi: “İran İslam Respublikası bununla bağlı hər hansı iddianı Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və ölkələrin ərazi bütövlüyü və milli suverenliyinə hörmət, eləcə də mehriban qonşuluq prinsipini özündə ehtiva edən beynəlxalq hüququn əsas prinsiplərinə zidd hesab edir və Ərəb Liqasının sammitinin yekun bəyanatında belə bir məsələnin qaldırılmasını qəbuledilməz hesab edir”.

Xarici İşlər Nazirliyinin sözçüsü Ərəb Liqasına öz mövqelərini formalaşdırarkən əsassız iddialarla çıxış etmək əvəzinə, dəyişməz tarixi və coğrafi reallıqları nəzərə almağı, region ölkələri arasında anlaşma və münasibətlərin gücləndirilməsi istiqamətində çalışmağı tövsiyə edib.