İRNA-nın bazar günü “Ər-Risaləh” saytına istinadən verdiyi məlumata görə, Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Nəxalə qısa bəyanatla çıxış edərək bildirib ki, hərəkatın Fələstin qruplarının baş katiblərinin bu ayın sonunda Qahirədə keçirilməsi planlaşdırılan toplantısında iştirakı, məhbusların azad edilməsindən asılıdır. Hal-hazırda Muxtar Hökumətin həbsxanalarında olan mücahid qardaşlarımız azadlığa buraxılmasa, Qahirədə keçiriləcək toplantıda iştirak etməyəcəyik.
Bu xəbərə əsasən, Muxtar Hökumət İordan çayının qərb sahilində Fələstin İslami Cihad hərəkatının liderləri və üzvlərini həbsdə saxlamaqla öz cinayətini davam etdirir.
Cenindən olan Murad Vəlid Məlaşiyə (34 yaş) və Məhəmməd Vəlid Bərahimə (37 yaş) kimi bəzi fələstinli mübarizlər məhkəmənin dərhal azadlığa buraxılmaları barədə hökm çıxarmasına baxmayaraq hələ də həbsdə saxlanılır.
Bu yaxınlarda Fələstin İslami Cihad Hərəkatının Siyasi Bürosunun üzvü Xalid əl-Bətaş açıqlamasında bildirmişdi ki, Muxtar Hökumətin Fələstinli mübarizlərə qarşı siyasi həbslərinin davam etməsi səbəbindən bu hərəkat Fələstin qruplarının baş katiblərinin Qahirədə keçirilməsi planlaşdırılan iclasında iştirak edib-etməməyi araşdırır.
Bundan əvvəl Fələstin İslami Cihad Hərəkatının siyasi ofisinin rəhbəri Məhəmməd əl-Hindi bu qruplaşmanın fələstinli qrupların baş katiblərinin Qahirədə keçiriləcək iclasında iştirak etməyə hazır olduğunu açıqlamışdı, lakin İordan çayının qərb sahilində Muxtar Hökumətin fələstinli mübarizləri həbs etməsini artırması səbəbindən Əl-Bətəş qeyd edib ki, müqavimət fəaliyyətinin kölgəsində siyasi həbslərin artması və eyni vaxtda konfransa dəvət edilməsi qəribədir.
İslami Cihad Hərəkatının siyasi bürosunun üzvü deyib: “Muxtar Hökumətin rəhbərlərindən istəyirik ki, baş katiblərin qarşıdakı görüşünün uğurla keçməsi üçün müqavimət mübarizlərinə qarşı siyasi həbsləri dayandırsınlar.”
KİV-lər məlumatına görə, sionist rejimin baş naziri Benyamin Netanyahu Mahmud Abbasa tapşırıq verib ki, Təl Əvivin güzəştləri müqabilində Fələstin Muxtar Hökuməti fələstinli mübarizləri həbs etsin və müqaviməti yatırsın. Fələstinli müqavimət qruplarının xəbərdarlıq etməsinin səbəbi da məhz bundan sonra olmuşdur.
Bununla bağlı Livanın “Əl-Əxbar” qəzeti ötən çərşənbə günü İordan çayının qərb sahilindəki Cenin şəhəri və düşərgəsində son döyüşdən sonra fələstinli gənclərin, xüsusən də HƏMAS və Fələstin İslami Cihad Hərəkatının mübarizlərinin kütləvi həbsləri və Muxtar Hökumətin digər gərginlik yaradan hərəkətləri barədə xəbər yayaraq yazıb: “İctimai rəyin təzyiqinə və fələstinli qrupların Muxtar Hökumətdən İordan çayının qərb sahilində, xüsusən də Cenində müqavimətin kökünü kəsmək səylərini dayandırmaq tələbinə baxmayaraq, bu hərəkətlər nəinki azalmayıb, əksinə artıb.”
Muxtar Hökumətdəki mənbələr “Əl-Əxbar”-a bildirib ki, sionist rejim ordusunun Cenin şəhəri və düşərgəsinə qarşı son təcavüzkar əməliyyatlarından bəri Fələstin Muxtar Hökuməti bu şəhər və düşərgə üzərində nəzarəti bərpa etmək, əslində isə işğala qarşı artan müqaviməti məhv etmək bəhanəsi ilə tədbirlərə başlayıb.
Sizin rəyiniz