5 avqust 2023 at 17:14
Jurnalist kodu: 5487
Xəbər kodu: 85190009
T T
0 Persons

Tags

“İRNA Azəri” saytı İran və Azərbaycan arasında əlaqələrin inkişafı üçün təməl yaradır + video

Ərdəbil - İRNA - Ərdəbil valisi İran və Azərbaycan Respublikasının əsas strategiyasının yaxşı münasibətlərə malik olmaq kimi dəyərləndirərək deyib: “İRNA-nın Azəri bölməsinin yaradılması iki qonşu ölkə arasında əlaqələrin möhkəmlənməsinə və dərinləşməsinə zəmin yaradacaq.”

Seyid Hamid Amili İRNA müxbirinə müsahibəsində “İRNA Azəri” internet saytının fəaliyyətə başlamasını İran və Azərbaycan Respublikası arasında əlaqələrin inkişafı üçün mühüm addım kimi qiymətləndirərək deyib: “Media öz auditoriyası ilə ünsiyyət qurmaq istəyəndə ilk addım mesajlarını onun öz dilində hazırlamaq və təqdim etməkdir. Azəridilli əhali həm İranda, həm də regionun mədəni coğrafiyasında çoxdur və eyni zamanda çox təsirlidir.”

Ərdəbil valisi iki ölkə xalqının ortaq cəhətlərinə toxunaraq deyib ki, İran və Azərbaycan xalqları arasında dərin tarixi, mədəni və dini yaxınlıqlar var, xüsusilə Ərdəbil kimi sərhəd bölgələridə sərhədin hər iki tərəfindəki insanlar arasında qohumluq münasibətləri var. Bu səbəbdən İRNA-nın Azəri bölməsinin yaradılması iki xalq arasında yaxşı qarşılıqlı əlaqə və münasibətlərin dərinləşməsi üçün təməl ola bilər.

Qonşularla əməkdaşlıq 13-cü hökumətin xarici siyasətinin əsas prioritetidir

Hazırkı hökumətin qonşuluq siyasəti strategiyasına toxunan Amili deyib: “Ayətullah Rəisinin xarici siyasətinin ən mühüm hissəsi qonşu dövlətlərlə əməkdaşlıq və əlaqələrə üstünlük verməkdir. Statistika göstərir ki, İranın bəzi qonşu dövlətlərlə iqtisadi əlaqələri 10-15 dəfə artıb. Qonşu dövlətlər qonşuluq münasibətlərini möhkəmləndirdikcə, ölkələrinin iqtisadi və sosial inkişafında səmərəli ola, bir-birinə siyasi dəstək ola bilirlər və xarici dövlətlərin iki ölkə arasındakı münasibətlərə qarışmasına imkan verməzlər. Bu səbəbdən İRNA-nın Azəri bölməsinin yaradılması iki qonşu ölkənin iqtisadi və sosial əlaqələrinin möhkəmlənməsi, dərinləşməsi və təhlükəsizliyinin yaxşılaşdırılması üçün zəmin yaradacaq.”

Ərdəbil valisi İran və Azərbaycan Birgə İqtisadi Komissiyasının bu yaxınlarda Astarada keçirilən iclasına toxunaraq qeyd edib ki, bundan əvvəl İran və Azərbaycan Respublikası Müştərək İqtisadi Komissiyasının iclasları Bakıda və Tehranda keçirilmişdir və bu iclaslarda yaxşı qərarlar qəbul edilmişdir.

Son bir-iki ildə İran və Azərbaycan arasında münasibətlərdə bəzi məsələlərin ortaya çıxmasına toxunan vali deyib: “İki xalqın münasibətlərinin yaxşı olmasını istəməyən düşmənlər bəzən iki ölkə arasında münasibətləri pozmaq üçün problemlər yaradırlar. Amma İran və Azərbaycan Respublikasının əsas strategiyası yaxşı münasibətlərə malik olmaqdır.

İki ölkənin Birgə İqtisadi Komissiyasının rəhbərləri Şahin Mustafayev və Mehrdad Bəzrpaşın ​​iştirakı ilə keçirilən iclasında tərəflər vasitəsilə qaldırılan müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıldı, müzakirələr olundu və qərarlar qəbul edildi.”

İran və Azərbaycan Birgə Komissiyasının növbəti iclası sentyabr-oktyabr aylarında Bakıda keçiriləcək

Ərdəbil valisi müsahibənin davamında Birgə Komissiyanın növbəti iclasının vaxtı və missiyasına toxunaraq deyib: “İran və Azərbaycan Respublikası Birgə İqtisadi Komissiyasının növbəti iclası sentyabr-oktyabr aylarında Bakıda keçiriləcək. İclasda iki ölkə arasında münasibətlərin səviyyəsinin yaxşılaşdırılması üçün səylər göstəriləcək.”

Seyid Hamid Amili iki ölkə sərhədi arasında gediş-gəliş haqqında deyib: “Ərdəbil məsələsində bizim istəyimiz ondan ibarət idi ki, Biləsuvar gömrük-keçid məntəqəsi Azərbaycan Respublikası tərəfindən tez bir zamanda açılsın. Çünki kommunikasiya həm iqtisadi baxımdan iki ölkənin sərhəd bölgələrində yaşayan sakinlər üçün çox səmərəlidir, həm də iki tərəf arasında qohumluq əlaqələri var ki, biz bu əlaqələrin qırılmasına imkan verməməliyik.

Digər tələbimiz isə Azərbaycan Gömrüyünün gömrükdən keçən yük maşınlarının sayının artırılmasına icazə verməsi idi və Azərbaycan nümayəndə heyəti bu istəyi qəbul etdi.
Parsabad dəmir yolu terminalına gəlincə, həmin çərçivədə işlərin görülməsi üçün birgə planın verilməsi qərara alınıb.”

O, iki ölkə arasında münasibətlərin perspektivlərinə də toxunaraq deyib ki, tarixə nəzər salsaq, iki hökumət arasında həmişə yaxşı münasibətlər olub və bu yaxşı münasibətlər hər iki tərəfin xeyrinə olub.

Ərdəbil valisi vurğulayıb: “İki xalq arasında münasibətləri pozmağa çalışan düşmənlər bilməlidirlər ki, İran və Azərbaycan Respublikası arasındakı tarixi və qədim əlaqələri kəsə bilməzlər. Çünki iki xalqın bir-birinə olan sevgisi tarixi və qırılmazdır.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .