İRNA-nın hökumət sahəsi üzrə müxbirinin verdiyi məlumata görə, Məhəmməd Cəmşidi Twitter səhifəsində İran İslam Respublikasının BRİKS-ə üzv olması xəbərini elan edərək yazıb: “Qlobal inkişaf etməkdə olan iqtisadiyyatlar qrupuna daimi üzvlük İslam Respublikasının xarici siyasəti üçün tarixi inkişaf və strateji uğur hesab olunur.”
O, İslam İnqilabının Ali Məqamlı Rəhbərini və başıuca İran xalqını 13-cü hökumətin xarici siyasət sahəsində əldə etdiyi bu böyük uğur və nailiyyəti münasibətilə təbrik edib.
“BRİKS” çərçivəsində qeyri-qərb dünya ölkələri başçılarının ən böyük görüşü avqustun 22-dən 24-dək Yohannesburqun Sandton iqtisadi bölgəsində keçirilir.
İran İslam Respublikasının Prezidenti Cənubi Afrika Respublikasının Prezidenti cənab Siril Ramafosanın rəsmi dəvəti ilə BRİKS-in 15-ci sammitində iştirak etmək üçün cümə axşamı bu ölkəyə səfər edib.
Bu səfər zamanı Ayətullah Rəisi 70 ölkə liderinin dəvət olunduğu “BRİKS Plus” toplantısında iştirak və çıxış etməklə yanaşı, iclasda iştirak edən ölkələrin bir sıra dövlət rəhbərləri ilə də görüşəcək.
Cənubi Afrikanın Xarici İşlər naziri daha əvvəl bildirmişdi ki, BRİKS liderləri nəhayət yeni üzvlərin qəbulu ilə bağlı razılığa gəliblər və üzvlük prinsiplərini, tələblərini və prosedurlarını müəyyən edən sənədi təsdiqləyiblər.
İRNA-nın məlumatına görə, BRİKS üzvləri Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın inkişaf etməkdə olan iqtisadi güclərinin rəhbərlik etdiyi bu transkontinental qrupu inkişaf etdirmək üçün çalışırlar və bir sıra ölkələr, o cümlədən İran artıq üzvlük üçün müraciət edib.
Xüsusilə qərbin sanksiyalarına məruz qalan İran üçün BRİKS-ə qoşulmağın ən mühüm faydalarından biri də “Yeni İnkişaf Bankı” adlandırılan BRİKS Bankıdır.
Çoxmillətli inkişaf bankı kimi təsvir edilən bu bank, qlobal banklararası kommunikasiyalar üçün maliyyə sistemi olan SWIFT-ə alternativ olan ödəniş bildiriş sisteminə malikdir.
BRİKS-in digər məqsədi beynəlxalq ticarətin standart valyutası kimi dollardan ayrılmaqdır. Rusiyanın məlumatına görə, hazırda üzv ölkələrin valyutası əsasında “Beynəlxalq Valyuta Ehtiyatı” fondunun formalaşdırılması davam edir.
Ötən ildən və Rəisinin hökumətə gəlməsindən sonra İran qonşu ölkələr və onun şərqdəki müttəfiqləri ilə siyasi və ticarət əlaqələrini möhkəmləndirmək oxunu gücləndirib. Bu yanaşma İranın iqtisadiyyatını açmaq və Amerikanın iqtisadi sanksiyalarına qarşı çıxmaq məqsədi daşıyır.
Buna əsasən, Ayətullah Seyid İbrahim Rəisi İran İslam Respublikasının Prezidenti kimi ilk xarici səfəri çərçivəsində sentyabrın 16-da Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının Tacikistanda keçiriləcək ikigünlük sammitinə getdi ki, İranı bu paktın daimi üzvü olmağa bir addım da yaxınlaşdırsın.
Sizin rəyiniz