İRNA-nın məlumatına görə, Misir Xarici İşlər Şurasının üzvü Əyman Səlame şənbə günü “Əl-Ərəbi əl-Cədid” xəbər agentliyinə müsahibəsində deyib: “Bir sıra maneələr və problemlər Misir və İran arasında diplomatik normallaşma və münasibətlərin bərpasına imkan vermir. Onlardan ən barizi siyasi və təhlükəsizlik fərqləridir.”
O, qeyd edib ki, Qahirə və Tehranın Fələstin, Suriya, Yəmən və İraqdakı vəziyyət kimi regional siyasi və təhlükəsizlik məsələlərində fərqli baxışları var.
Ə. Səlame daha sonra deyib: “Regional təsirlə bağlı mübahisə var, çünki Misir və İran hər biri regional təsirlərini gücləndirməyə çalışır. Bu isə Fars körfəzi regionu kimi bəzi ərazilərdə onlar arasında çəkişməyə səbəb ola bilər.”
O deyib: “Münasibətlərin normallaşması yolunda başqa maneələr də var. Misir və İran arasında diplomatik əlaqələrin bərpası ilə bağlı İsrailin narahatlıqları bunlardan biridir. Çünki Təl-Əviv bunun İranın regionda təsirinin güclənməsinə səbəb olacağına inanır.”
Misir Xarici İşlər Şurasının üzvü deyib: “Buna baxmayaraq, Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik əlaqələrin bərpası kimi son regional dəyişikliklər Misir və İran arasında diplomatik əlaqələrin bərpası üçün daha müsbət atmosfer yaradıb.”
Sizin rəyiniz