İRNA-nın məlumatına görə, “The Guardian” qəzeti bu gün (şənbə) yazıb ki, Qarabağdakı silahlı qüvvələr Azərbaycan Respublikası hökuməti ilə əldə olunan razılaşmaya əsasən, silahlarını yerə qoymalıdır.
Rusiya Qarabağdakı silahlı erməni döyüşçülərinin cümə günü ilk silahlarını təhvil verdiyini təsdiqləyib və bu prosesin Rusiya sülhməramlı qüvvələrinin köməyi ilə bu gün və sabah davam edəcəyinin nəzərdə tutulduğunu bildirib.
Lakin bir neçə gün əvvəl Azərbaycan Respublikasının Qarabağ bölgəsinə hücumundan sonra bu bölgənin rəsmiləri cümə günü bildiriblər ki, təhlükəsizlik zəmanətləri ilə bağlı Bakı ilə hələlik heç bir razılaşma əldə olunmayıb, lakin Qarabağ sakinləri üçün zəruri ərzaq yükləri gəlib.
Rusiya Müdafiə Nazirliyi bu ölkənin sülhməramlılarının bölgəyə gedən iki yol vasitəsilə 50 min tondan çox ərzaq çatdırdığını açıqlayıb.
Rusiyanın yüklərin iki yoldan keçdiyini bildirməsi Azərbaycan Respublikasından da ərzaq göndərildiyini göstərir.
Bu yük Bakı ordusunun Qarabağ bölgəsinin hakimiyyətini təslim olmağa məcbur etməsindən sonra Ermənistandan Qarabağa göndərilən ilk yükdür.
Erməni döyüşçülərinə təhlükəsizlik təminatlarının verilməsi
A#zərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev “Reuters” agentliyinə bildirib ki, Azərbaycan silahı yerə qoyan Qarabağ erməni döyüşçülərini əfv edəcək, baxmayaraq ki, onlardan bəziləri müqavimətlərini davam etdirəcəklərinə təkid edirlər.
Amma bu bölgəni Artsax Respublikası adlandıran Qarabağ erməniləri hələlik heç bir razılığın əldə olunmadığını bəyan ediblər.
Bu bölgənin “rəhbəri” Samuel Şahramanyanın köməkçisi David Babayan Reuters agentliyinə deyib: “Bu məsələlər öz həllini tapmalıdır. Hələlik konkret nəticələr yoxdur.”
Paşinyan: Biz mümkün qaçqın axını üçün yer hazırlamışıq
İrəvanda etirazçıların istefaya çağırdığı Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, hökumət Ermənistana mümkün qaçqın axını üçün yer hazırlayıb, amma Qarabağın sakinlərdən boş qalmasını istəmir.
O, əlavə edib: “Biz hər şeyi etməliyik ki, soydaşlarımız, Qarabağ sakinləri öz evlərində qorxmadan, təhlükəsiz və ləyaqətlə yaşamaq imkanı əldə etsinlər.”
Qarabağda 2000-dən az sülhməramlı qüvvəsi olan Rusiya əhalini sakitliyə çağırıb, amma bəzi ermənilər, o cümlədən Paşinyan onu İrəvana kifayət qədər dəstək verməməkdə ittiham edib.
Sizin rəyiniz