İRNA-nın Qərbi Azərbaycan Valiliyinin ictimaiyyətlə əlaqələr bölməsinə istinadla verdiyi məlumata görə, bu görüşdə İranın Türkiyə ilə 500 kilometrdən çox sərhədində iqtisadi mübadilələrin inkişafı üçün həll yolları müzakirə olunub.
Qərbi Azərbaycan valisi bazar ertəsi bu iclasda deyib: “İran və Türkiyənin tarixi, etnik və dini ortaqlıqları heç kimə gizli deyil və hər iki tərəfin sərhədləri həmişə sülh və dostluq sərhədləri olub.”
Məhəmmədsadiq Mötəmidyan Qərbi Azərbaycanın İran İslam Respublikasının strateji əyalətlərindən biri olduğunu bildirərək əlavə edib: “Qərbi Azərbaycanın 6 sərhəd terminalı var və ölkənin sərhəd terminallarının 25%i bu əyalətdə yerləşir.”
O, Qərbi Azərbaycanın Türkiyə, İraq və Azərbaycan olmaqla üç ölkə ilə 967 km ümumi sərhədinin olduğuna toxunaraq deyib ki, Qərbi Azərbaycan üç əsas beynəlxalq dəhliz yolunda yerləşir və Türkiyənin dörd vilayəti ilə 566 km sərhədi olan yeganə əyalət hesab olunur.
Üç mühüm iqtisadi bölgənin Qərbi Azərbaycanla Türkiyə arasında ümumi sərhəddə yerləşdiyini vurğulayan Mötəmidyan deyib: “Bunlardan ən önəmlisi Mako Azad Zonası, sonra isə Salmas Xüsusi İqtisadi Zonasıdır. Urmiyanın Saro Xüsusi İqtisadi Zonasının tikintisi də bu yaxınlarda təsdiqlənib.”
Vilayətin ən mühüm sənaye məhsulları kimi tibbi avadanlıq, sement, toxuculuq, sap və parça istehsalı, bunker, traktor və qoşqu, kimya məhsulları və kənd təsərrüfatı maşınlarının istehsalını qeyd edən vali deyib: “Qərbi Azərbaycan İranın kənd təsərrüfatı mərkəzlərindən biri hesab olunur və hər il 8 trilyon 200 milyard rial dəyərində 6,5 milyon ton kənd təsərrüfatı məhsulu istehsal edir.”
Vali Qərbi Azərbaycanın kənd təsərrüfatı məhsullarının emalında İranda birinci yerdə dayandığına diqqət çəkərək bildirib ki, konsentrat və püre istehsalı və ixracı Qərbi Azərbaycanın üstünlüklərindən biridir və bu məhsullar bütün dünyaya ixrac olunur.
İran İslam Respublikasının Türkiyədəki səfiri də bu görüşdə deyib ki, bizim diqqətimiz İran və Türkiyə arasında ticarət dövriyyəsini 30 milyard dollara çatdırmaqdır.
Məhəmmədhəsən Həbibullahzadə əlavə edib: “İki ölkə prezidentləri hər iki tərəfin ticarət inkişafına və ildə 30 milyard dollar hədəfə çatmasına xüsusi diqqət yetirirlər.”
O deyib: “İki tərəf arasında elektrik enerjisi mübadiləsi üçün də yaxşı tədbirlər görülüb ki, onlardan biri də yaxın aylarda həyata keçiriləcəyinə ümid etdiyimiz Xoy-Van elektrik enerjisinin mübadiləsidir.”
İran və Türkiyə arasında üç sərhəd keçidinin aktivliyinə toxunan səfir qeyd edib ki, bu üç terminal uzun illərdir fəaliyyət göstərir və biz iki tərəf arasında ticarət-iqtisadi mübadilənin artmasını görmək üçün keçid məntəqələrinin beşə çatdırılması istiqamətində ilkin danışıqlar aparırıq.
M. Həbibullahzadə həmçinin İran və Türkiyə arasında sərhəd mübadiləsinin artırılması təklifinin nəzərdən keçirildiyini açıqlayaraq deyib: “Sərhəd bazarları ilə yanaşı anlaşma əldə etmək təklifini nəzərdən keçiririk, bunun əsasında iki tərəf arasında iqtisadi və ticari mübadilə üçün tərəflərin sərhəd dərinliyindən təxminən 30 kilometr məsafəni müəyyənləşdirəcəyik.”
Sizin rəyiniz