Əmir Abdullahiyan Bloomberg-ə müsahibəsində: Amerika bu müharibəni qızışdırmaq istəyib-istəməməsi ilə bağlı qərar verməlidir

Tehran - İRNA - Hüseyn Əmir Abdullahiyan Bloomberg televiziyasına müsahibəsində xəbərdarlıq edib ki, Amerika sionist rejimə birtərəfli dəstəyini davam etdirsə, Vaşinqtona qarşı yeni cəbhələr açılacaq.

İranın Xarici İşlər naziri həmçinin Qəzzaya quru hücumunun Təl-Əviv üçün dəhşətli nəticələri olacağını bildirib.

İRNA-nın məlumatına görə, İran İslam Respublikası Xarici İşlər naziri İranın BMT-dəki nümayəndəliyində Bloomberg televiziyasına müsahibəsində deyib: “Amerika başqalarına təmkinli olmağı tövsiyə edir, lakin özü tamamilə İsrailin tərəfini tutub. Amerika indiyə qədər etdiklərini davam etdirsə, Amerikaya qarşı yeni cəbhələr açılacaq.”

O, əlavə edib: “Xəbərdarlıq etmək istərdim ki, qadınların və uşaqların öldürülməsi regionda vəziyyəti nəzarətdən çıxarır. Amerika tərəfi bu müharibəni qızışdırmaq istəyib-istəməməsi ilə bağlı qərar verməlidir.”

Əmir Abdullahiyan deyib: “(Bölgədə vəziyyət) Partlayış həddinə çatıb, hər şey ola bilər və istənilən cəbhə açıla bilər.”

Xarici İşlər naziri vurğulayıb: “İraq və Suriyada Amerika qüvvələrinə hücum edən qruplar bizdən heç bir əmr almırlar. Amerika tərəfi onların İranla əlaqəli olduğunu iddia edir. Bu qruplar öz qərarlarını müstəqil qəbul edirlər.”

Əmir Abdullahiyan qeyd edib ki, Fələstin Azadlıq Hərəkatı olan HƏMAS beynəlxalq hüquqa uyğun olaraq işğala qarşı mübarizə aparır və qanuni hüquqa malikdir. HƏMAS mülki məhbusları azad etməyə hazırdır. Eyni zamanda, dünya İsrail rejiminin həbsxanalarında əsirlikdə olan 6 min fələstinlinin azad edilməsinə dəstək verməlidir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .