İRNA-nın bazar günü Təbriz Bələdiyyəsinin ictimaiyyətlə əlaqələr bölməsinə istinadən verdiyi xəbərə görə, Yaqub Huşyar Tatarıstanın Kazan şəhərində keçirilən “BRİKS Plus” Şəhərlər və Bələdiyyələr Assosiasiyasının ilk iclasında deyib: “İranın mühüm sənaye və iqtisadi mərkəzlərindən biri kimi Təbriz BRİKS-ə üzv ölkələrlə ticarət və iqtisadi mübadilələr üçün birləşdirici məntəqə rolunu oynaya bilər və BRİKS üzvü olan ölkələrdən xarici investisiyaları cəlb etməklə, regionun sənaye və iqtisadi inkişafına, texnologiya və innovasiyaların transferinə kömək edə bilər.”
Təbriz zəngin tarixi və mədəniyyəti ilə BRİKS ölkələrindən gələn turistlər üçün cəlbedici bir məkan ola biləcəyini qeyd edən Huşyar bu ölkələrlə mədəni və turist mübadiləsinin insanlar arasında əlaqələrin möhkəmlənməsinə və mədəni şüurun artmasına səbəb ola biləcəyini diqqətə çatdırıb.
“Təbrizin Orta Asiya ilə Avropa arasında körpü kimi coğrafi mövqeyi strateji ticarət və tranzit marşrutu kimi BRİKS üçün faydalı ola bilər” - deyə, mer bildirib.
O, əlavə edib ki, Təbrizin nüfuzlu universitetləri və tədqiqat mərkəzləri BRİKS ölkələrinin təhsil və tədqiqat institutları ilə əməkdaşlıq edə bilər və bu əməkdaşlıqlar bilik mübadiləsinə, birgə tədqiqat layihələrinin həyata keçirilməsinə və elmi səviyyənin yüksəldilməsinə səbəb ola bilər.”
Huşyar həmçinin Təbrizin siyasi və iqtisadi əhəmiyyətini vurğulayaraq, onun beynəlxalq toplantılara evsahibliyi edə biləcəyini, BRİKS üzvü olan ölkələr arasında siyasi münasibətlərə kömək etməkdə rol ifa edə biləcəyini qeyd edib.
Mer deyib: “Təbriz Bələdiyyəsi inkişaf məqsədilə beynəlxalq imkanlardan istifadə etmək üçün müxtəlif ölkələrin böyük şəhərləri arasında beynəlxalq qarşılıqlı əlaqələr sahəsinə daxil olmuşdur.”
“BRICS Plus üzvü olan şəhərlər xarici investisiyalar və beynəlxalq biznes əməkdaşlığı üçün mühüm mərkəzlərdir” – deyə, o, əlavə edib.
“BRİKS Plus” 18 min 260 şəhərin əməkdaşlığı və 2,6 milyard insanın həyat keyfiyyətinin yaxşılaşdırılması üçün platformadır
"BRICS Plus" Şəhərlər və Bələdiyyələr Assosiasiyası Təbriz merinin və 20 ölkədən 200-dən çox nümayəndənin iştirakı ilə davamlı inkişaf məqsədlərinə nail olmaq üçün 2030 Gündəliyinin həyata keçirilməsi ilə bağlı qabaqcıl təcrübə, araşdırma və bilikləri bölüşmək istiqamətində, Rusiya Prezidenti Vladimir Putinin təbrik məktubunun oxunması ilə iyunun 21-də öz işinə başladı və iyunun 24-dək Kazan şəhərinin evsahibliyi etməyə davam edəcək.
BRİKS Plus Assosiasiyası dünyanın ən böyük şəhərlər birliyinə çevrilməyi hədəfləyir və 18 260 şəhər arasında konstruktiv əməkdaşlıq yaratmaq və 2,6 milyard insanın həyat keyfiyyətini yaxşılaşdırmaq üçün nəzərdə tutulub.
Forum çərçivəsində müzakirə sessiyası, şəhərlər və yerli özünüidarəetmə qurumları arasında əməkdaşlıq və qardaşlıq sazişlərinin imzalanması, həmçinin ikitərəfli işçi görüşlər nəzərdə tutulur.
İclasda Moskva Şəhər Dumasının sədri BRİKS+ ölkələrinin Şəhərlər və Bələdiyyələr Assosiasiyasının yaradılmasına toxunaraq deyib: “Bu assosiasiyanın yaradılması üzv ölkələrin bütün şəhərləri arasında sosial-iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün mühüm addımdır.”
İclasda çıxış edən Kazan meri İlsur Metşin də deyib: “Dost ölkələrin bələdiyyələrinin beynəlxalq aləmdə öz sözünü deməsi zəruridir. Bu hələ başlanğıcdır, biz bu icmanı yaradırıq və necə işləmək barədə razılığa gəlirik.”
“İdman, təhsil, şəhər iqtisadiyyatı, tullantıların təkrar emalı problemləri bu forumda təşviq etmək istədiyimiz məsələlərdən bəziləridir” - deyə, o, bildirib.
Sizin rəyiniz