İslam İnqilabının Ali Rəhbəri bu gün günorta saatlarında “Fars Vilayətinin 15 min Şəhidi Konfransı”nın iştirakçıları ilə görüşündə bölgədə baş verən hadisələri və müqavimətin mübarizəsini bölgənin taleyi və tarixini dəyişən amillər kimi tanıdıb, sionist rejimin 50 mindən çox günahsız insanı qatliam etməsinə baxmayaraq müqaviməti məhv etməkdə məğlubiyyətini vurğulayaraq, ən böyük məğlubiyyəti Qərb mədəniyyətinin, sivilizasiyasının və siyasətçilərinin rüsvayçılığı hesab edərək deyib: “Müqavimət cəbhəsinin şər cəbhəsinə qarşı mübarizəsində qələbə müqavimət ilədir.”
Ayətullah Xamenei bildirib: “Son ana kimi vuruşan şəhid Sinvar kimilər olmasaydı, yaxud şəhid Seyid Həsən Nəsrullah kimi cihadı, ağlı, şücaəti, fədakarlığı birləşdirib meydana çıxaran böyük insanlar olmasaydı, bölgənin taleyi başqa cür olardı.”
Ali Məqamlı Rəhbər deyib: “Sionistlər müqavimət qruplarını asanlıqla məhv edə biləcəklərini düşünürdülər, amma bu gün 50 mindən çox müdafiəsiz və mülki əhalinin və müqavimətin bir neçə tanınmış liderinin şəhid olmasına, həmçinin Amerikanın böyük xərcləri və dəstəyinə baxmayaraq – dünyada onlara üzüqaralıq və nifrət yarandı, belə ki, hətta Amerika universitetlərində cinayətkarlara qarşı yürüş keçirildi – müqavimət cəbhəsi və HƏMAS, İslami Cihad, Hizbullah və digər müqavimət qruplarında gənc mübarizlər eyni əzmkarlıq və qüvvətlə vuruşurlar və bu, sionist rejim üçün böyük bir məğlubiyyətdir.”
Həzrət Ayətullah Xamenei deyib: “10 min günahsız uşağın iki tonluq bomba və müxtəlif növ silahlarla qətlə yetirilməsi, Qərb siyasətçilərinin buna tam etinasız yanaşması, yalançı Qərb siyasətçilərinin və insan haqları iddiaçılarının rüsvay olmasına səbəb oldu, Qərb sivilizasiyasının puç olduğunu bütün dünyaya göstərdi və bu, onlar üçün ən böyük məğlubiyyətdir.”
İslam İnqilabının Ali Rəhbəri sionist rejimi dəstəkləyən cəbhəni şər cəbhəsi adlandıraraq deyib: “Bu şər cəbhəsinin qarşısında müqavimət cəbhəsi dayanır və Allahın köməyi ilə qələbə müqavimət cəbhəsinə məxsusdur.”
Sizin rəyiniz