14 yanvar 2025 at 13:49
Jurnalist kodu: 5564
Xəbər kodu: 85719677
T T
0 Persons

Tags

13 Rəcəb, İmam Əli ibn Əbu Talibin (ə) mövludu

14 yanvar 2025 at 13:49
Xəbər kodu: 85719677
13 Rəcəb, İmam Əli ibn Əbu Talibin (ə) mövludu

13 Rəcəb şiələrin birinci imamı, İmam Əlinin (əleyhis-salam) mövlud günüdür. İmam Əli (əleyhis-salam) İslamı qəbul edən və çətin günlərində həmişə İslam Peyğəmbərinin (s) yanında olan ilk müsəlman kişidir. Bu yazıda İslamın bu böyük şəxsiyyətinin xüsusiyyətlərini araşdırmaq istəyirik.

İmam Əli ibn Əbu Talib (ə) Amul-Filin 30-cu ilində (hicri 402) Rəcəb ayının 13-ü cümə günü Məkkədə Kəbə evində dünyaya gəlib. Bu hadisə İslam tarixinin ən mühüm möcüzələrindən biri hesab olunur. O, şiələrin ilk imamı və İslam Peyğəmbərinin (s) haqq canişini kimi tanınır. İmam Əlinin (ə) Kəbə evində dünyaya gəlməsi İslam tarixində dönüş nöqtəsidir və ona “Əbu Turab” ləqəbi verilmişdir. İmam Əli (ə) İslam Peyğəmbərinə (s) iman gətirən ilk şəxsdir və İslam tarixində bir çox müharibələrdə və mühüm hadisələrdə, o cümlədən Bədr və Xeybər döyüşlərində rol oynamışdır. O, ədalətin, elmin, təqvanın və səbrin təcəssümü idi, dinin keşikçisi və tövhid əhlinin mövlası kimi tanınır.

İmam Əlinin (ə) şəxsiyyəti və məqamı

İmam Əli (ə) şücaət, ədalət, dərin iman, zöhd və aşiqanə ibadət kimi üstün əxlaqi xüsusiyyətləri ilə məşhurdur. Onun gecə yarısı münacat və ibadətə qalxması, zahidliyi dillər əzbəri idi.

İmam Əlinin (ə) İslam Peyğəmbərinin (s) canişini kimi İslam tarixində xüsusi yeri vardır. O, İslam Peyğəmbərinə (s) iman gətirən, İslam tarixində bir çox müharibələrdə və mühüm hadisələrdə rol oynayan ilk şəxs idi.

Həzrət uşaqlıq çağlarından Peyğəmbərin (s) yanında olmuş, xilafət dövründə və İslamın tərəqqisi istiqamətində mühüm işlər görmüşdür. İmam Əli (ə) fiqh, təfsir, kəlam, nəhv və qiraət kimi bəzi elmlərin təməlinin qoyulmasında əsas rol oynamışdır.

İmam Əlinin (ə) xütbələri, məktubları, tövsiyələri və hikmətləri Nəhcül-bəlağə kitabında yazılıb.

Həzrət Əlinin (ə) fəzilətləri

Birinci imam olan həzrət Əlinin (ə) fəzilətləri, sifət və xüsusiyyətləri Quran ayələrində, rəvayətlərdə və tarixi hadisələrdə yer almışdır. Həzrət Peyğəmbərdən (s) nəql edilmişdir ki, İmam Əlinin (ə) fəzilətləri saya gəlmir. Peyğəmbərin (s) başqa bir rəvayətinə görə, həzrət Əlinin (ə) fəzilətlərini nəql etmək, yazmaq, baxmaq və dinləmək ibadətdir və günahların bağışlanmasına səbəb olur.

İmam Əlinin (ə) fəzilətləri iki növdür:

  •  Yalnız o həzrətin özünə məxsus olan  fəzilətlər;
  •  Digər Əhli-Beyt (ə) ilə ortaq fəzilətlər.

Vilayət ayəsi, Şira ayəsi, İnfaq ayəsi, Qədir hədisi, Təyr məşvi (qızardılmış toyuq) hədisi, Mənzələt hədisi və üzük bağılşamaq hədisi onun xüsusi fəzilətlərindəndir. Təthir ayəsi, Əhluz-zikr ayəsi, Məvəddət ayəsi və Səqələyn hədisi də o həzrətin Əhli-beyt (ə) ilə ortaq fəzilətlərindən sayılır.

Əməvilər dövründə İmam Əlinin (ə) fəzilətlərinin nəql olunmasının qarşısı alındı. Bu dövrdə onun fəzilətlərini danışanlar öldürülür və ya həbs edilirdi. Digər tərəfdən isə, Müaviyənin göstərişi ilə İmam Əlinin (ə) fəzilətlərinin qarşısında üç xəlifə üçün qondarma fəzilətlər nəql edən şəxslər təşviq edilirdi. Sələfilərin rəhbəri İbn Teymiyyə və onun tələbələri İbn Kəsir Dəməşqi və İbn Qəyyim Cəvzi kimi bəziləri İmam Əlinin (ə) fəzilətləri haqqında bir sıra ayə və hədisləri təhrif olunmuş və ya saxta hesab etmişlər.

Müxaliflərin İmam Əlinin (ə) fəzilətlərinin yayılmasına mane olmaq cəhdlərinə baxmayaraq, şiə və əhli-sünnə hədis icmalarında Əli ibn Əbu Talibin (ə) çoxlu fəzilətləri nəql edilmişdir və hər iki məzhəbin alimləri onun fəzilətləri haqqında müstəqil kitablar yazmışlar. İbn Hənbəlin “Fəzailu Əmirilmuminin”, Nisainin “Xəsaisu Əmirilmuminin” və İbn Təriqin “Umdətu uyuni sihahil-əxbari fi mənaqibi imamil-əbrar” kitabları bu qəbildəndir.

İranlı rəssam Həsən Ruhul-əmini tərəfindən çəkilmiş "Ərşdə əyləşən" adlı şəkili

Quranda gəlmiş fəzilətləri

İmam Əlinin (ə) Quranda gəlmiş fəzilətləri dedikdə, o həzrət haqqında nazil olan və ya İmam Əlinin (ə) onların bir nümunəsi kimi təqdim edilmiş Quran ayələri nəzərdə tutulur. İbn Abbasdan rəvayət edilmişdir ki, Əli (ə) haqqında nazil olan qədər Quran ayəsi heç kəs haqqında nazil edilməmişdir. Həmçinin, İbn Abbas Allahın Rəsulundan (s) nəql etmişdir ki, “Ey iman gətirənlər” cümləsi ilə başlayan hər bir ayədə Əli (ə) möminlərin başında dayanır və onların əmiridir. O, 300-dən çox ayənin Əlinin (ə) mədhində nazil olduğunu bildirmişdir.

İmam Əlinin (ə) şənində və fəziləti haqqında bir çox Quran ayələri nazil olmuşdur. O cümlədən, Vilayət ayəsi, Şira ayəsi, Təbliğ ayəsi, İkmal ayəsi, Sadiqin ayəsi, Xəyrul-bəriyyə ayəsi, Salihəl-muminin ayəsi, İnfaq ayəsi, Nəcva ayəsi, Vuddə ayəsi, Mubahilə ayəsi, Təthir ayəsi, Ulul-əmr ayəsi, Məvəddət ayəsi, İtam ayəsi, Əhluz-zikr ayəsi, Nəsr ayəsi və Siratu mustəqim ayəsinə işarə etmək olar. Bu ayələr İmam Əlinin (ə) Qurani-Kərimdəki xüsusi məqamına dəlalət edir.

Rəvayətdə gəlmiş fəzilətlər

Rəvayət gəlmiş fəzilətlər dedikdə, Peyğəmbərin (s) dilindən həzrət Əlini (ə) mədh edən və ya fəzilətlərini bəyan edən hədislər nəzərdə tutulur. Bu hədislərin ən məşhurları arasında Qədir, Mənzələt, Mədinətul-elm, Yəvmud-dar, Vəsayət, Vilayət, Təyr, Rayət, Səqələyn, Kisa, Səfinə, Şəcərə, Ləvh, Əliyyun məəl-həqq, Təşbih, La fəta illa Əli, Qəsimun-nar vəl-cənnət, Xasifun-nəl və digər hədislərinə işarə etmək olar. Bu rəvayətlər İmam Əlinin (ə) şiə və əhli-sünnə mənbələrində nəql olunmuş müxtəlif fəzilətlərini ifadə edir. Bu hədislər Əmirəlmöminin Əlinin (ə) məqamını fəzilət mənbəyi və İslam ümməti üçün mükəmməl bir nümunə kimi göstərir və həmişə müsəlmanlar tərəfindən təsdiq olunub və təriflənib.

"Təthir" ayəsi kimi məşhur olan “Əhzab” surəsinin 33-cü ayəsinin nazil olduğu Kəsa hədisi hadisəsindən bir təsvir.

İmam Əli (ə) dünya alimlərinin və yazıçılarının baxışında

  •  Ərəb xristian alimi Mixail Naimə yazır: “Heç bir tarixçi və yazıçı xüsusi bir dahiliyə malik olsa da, yenə İmam Əli (ə) kimi böyük bir şəxsiyyətin kamil mənzərəsini yarada bilməz.”
  • Xristian yazıçı Cübran Xəlil Cübran deyir: “Məncə, Əbu Talibin oğlu Ərəb aləmindən dünyanın ümumi ruhu ilə ünsiyyət quran və onunla həmsöhbət olan ilk şəxsdir. Kim ona aşiq oldusa, onun bu aşiqliyi fitrətindən qaynaqlanır və hər kim onunla düşmənçilik etdisə, cahiliyyət övladlarından olduğu üçündür.”
  •  Livanlı xristian yazıçı, şair və dramaturq Corc Cordağın ata-anası həzrət Əliyə (ə) çox sevgi bəsləyirdilər və evlərinin qabağına üzərində “La fəta illa Əli və la səyfə illa zulfəqar” (Əlidən başqa igid, Zülfüqardan başqa qılınc yoxdur) hədisi həkk olunmuş daş quraşdırmışdılar.Corc Cordaq həzrət Əlinin (ə) vəsfində deyir: “Ey zəmanə, kaş bütün gücünü toplaya biləydin və ey təbiət, kaş bütün istedadlarını böyük insan, böyük dahi və böyük qəhrəman yaratmaq üçün birləşdirəydin, bir daha dünyamıza başqa bir Əli bəxş edə biləydin.”O, şiələr arasında İmam Əli (əleyhissalam) haqqında kitab yazması ilə tanınır. Onun ən məşhur kitabı olan “İmam Əli – İnsan ədalətinin səsi” 5 cilddən ibarətdir Bu kitaba “İmam Əli və insan hüquqları”, “İmam Əli və Fransa inqilabı”, “Əli və Sokrat”, “Əli və yaşadığı dövran”, “Əli və ərəb etnosu” başlıqlar daxildir.

Möminlərin əmiri İmam Əliyə (ə) heyran olan və onun üçün kitab yazan xristian yazıçı və filosof Corc Cordaq.

  • Rus tarixçisi və şərqşünası İlyapa Velic: “İranda İslam” kitabında Əmirəl-mömininin (ə) şəxsiyyətini belə təsvir edir: “Əli (ə) Muhəmmədin (s) yetirməsi idi, ona və İslam işinə çox sadiq idi. Əli şövq və eşq həddində dinə bağlı idi. O, sadiq və düz yaşayıb, əxlaqi işlərdə həmişə diqqətli olub.”
  • İngilis filosofu Tomas Karleyl yazır: “Bizim Əlini (ə) sevməkdən başqa çarəmiz yoxdur. O, alicənab və nəcib bir insan idi. Onun vicdanının qaynağından xeyirxahlıq və yaxşılıq axırdı və qəlbindən şücaət və mərdlik şölələri qalxırdı.”
  • Məşhur Misir yazıçısı və alimi Əbdul Fəttah Əbdul Məqsud yazır: “Məhəmməddən (s) sonra Peyğəmbərin pak və seçilmiş övladlarının atasından (Əli ibn Əbu Talib) başqa ondan sonra təyin olunmağa layiq olan və ya onunla eyni cərgədə dayana bilən birini görmədim. Bu sözümdə mən şiəlikdən tərəfdarlıq etməmişəm, əslində bu, tarixi faktların danışdığı bir fikirdir. O, dünya anasının ömrünün sonuna qədər heç vaxt dünyaya gətirə bilməyəcəyi ən yaxşı insandır. O, elə bir kəsdir ki, hidayət sorağında olanlar onun xəbərini və sözlərini axtardığı zaman onun hər xəbərindən və sözündən onlar üçün bir nur saçar. Bəli, o, insan şəklində yaradılmış kamillik heykəlidir.”
  •  Alman alimlərindən olan xanım Anne Marie Mişel İmam Əlinin (ə) şəxsiyyətini araşdırdıqdan sonra vəsiyyət etmişdir ki, İmamın bu hədisini onun qəbr daşına həkk etsinlər: “İnsanlar yatıblar, öldükdə oyanacaqlar.”

Alman mütəfəkkiri Xanım Anne Marie Mişelin məzar daşının şəkli. Məzar daşının üzərinə onun vəsiyyətinə əsasən İmam Əlinin (ə) buyurduğu hədis həkk olunub.

Sizin rəyiniz

You are replying to: .