Fələstin İslami Cihad Hərəkatının Baş katibi cənab Ziyad Əl-Nəxalə və onu müşayiət edən nümayəndə heyəti bu gün günortadan sonra İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei ilə görüşüb.
Ayətullah Xamenei bu görüşdə müqavimətin Qəzzədə əldə etdiyi qələbəni təbrik edərək vurğulayıb: “Fələstin müqavimət rəhbərləri və mücahidlərinin düşmənə qarşı “birlik və birləşmə”, “müqavimət” və mürəkkəb danışıqlar prosesinin irəliləməsi istiqamətində gördüyü böyük işlər, habelə xalqın səbr və mətanəti bölgədə müqaviməti başıuca etdi.”
İslam İnqilabının Ali Rəhbəri islami müqavimət və Qəzzə xalqının sionist və Amerika düşmənləri üzərində qələbəsinin əzəmətini izah edərək bildirib: “Bu qələbə müqavimətin mübarizəsində yeni norma yaratdı.”
Həzrət Ayətullah Xamenei Amerikanın Qəzzə və Fələstinlə bağlı bəzi axmaq planlarına və başqa planlara toxunaraq deyib: “Bu planlar heç bir nəticə verməyəcək. Necə ki, bir il yarım əvvəl müqaviməti qısa müddət ərzində məhv etmək iddiasında olanlar indi öz əsirlərini müqavimət döyüşçülərindən kiçik qruplar şəklində təhvil alırlar və bunun müqabilində çoxlu sayda fələstinli əsirləri azad edirlər.”
Ali Məqamlı Rəhbər müqavimətin sionist əsirləri təhvil vermə üsulunu dünyanın gözü qarşısında müqavimətin böyüklüyünün təcəssümü adlandıraraq deyib: “Qlobal ictimai rəy indi Fələstinin lehinədir. Bu şəraitdə müqavimətin və Qəzzə xalqının razılığı olmadan heç bir plan baş tutmayacaq.”
Görüşdə Fələstin İslami Cihad Hərəkatının Baş katibi cənab Ziyad Əl-Nəxalə İslam İnqilabının Ali Rəhbərini Qəzzədə müqavimətin böyük qələbəsi münasibətilə təbrik edib, bu qələbəni İslam Respublikasının daimi dəstəyi, eləcə də şəhid Seyid Həsən Nəsrullahın yol göstəriciliyinin səmərəsi olduğunu bəyan edərək deyib: “Fələstin müqaviməti son bir il yarımda Amerika və Qərb ilə müharibə aparırdı. Qeyri-bərabər güc balansına baxmayaraq, Fələstin müqaviməti böyük qələbələr qazana bildi.”
Fələstin İslami Cihad Hərəkatının Baş katibi Fələstin və Livan müqavimət qruplarının cəbhədə və siyasi baxımdan “birlik və vəhdət”ini Qəzzədə qələbənin təsirli amillərindən biri hesab edib, Qəzzə və İordan çayının qərb sahilindəki son hadisələr, danışıqlar prosesi və əldə olunan razılaşma haqqında məlumat verərək vurğulayıb: “Biz müqavimət yolunu heç vaxt unutmayacağıq və müqavimətin əsgərləri olaraq bu yolu davam etdirəcəyik.”
Sizin rəyiniz