Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova dünən (19 mart, çərşənbə) günortadan sonra Asiya Parlament Assambleyasının 15-ci plenar iclası çərçivəsində İslami Şura Məclisinin sədri Məhəmməd Baqir Qalibaf ilə görüşüb.
Qalibaf bu görüşdə deyib: “Asiya Parlament Assambleyasının 15-ci iclasını keçirdiyiniz üçün sizə təşəkkür edirəm. Biz çox şadıq ki, bu ikitərəfli görüş Asiya Forumu ilə yanaşı keçirildi. Bu, iki ölkə arasında parlament əlaqələrinin inkişafı üçün gözəl imkandır.”
İslami Şura Məclisinin sədri iki ölkə xalqları arasında həqiqi və xas dostluğun olduğunu və bu dostluğun bədxahlarının da olduğunu bəyan edərək deyib: “Biz bu dostluğu daha da dərinləşdirməyə çalışmalıyıq, iqtisadi və tranzit əlaqələrin inkişafı da davam etməlidir.”
Qalibaf əlavə edib: “Qarabağ müharibəsi kimi ağır günlərdə İslam Respublikasının xalqı və Ali Məqamlı Rəhbər Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə dəstək oldu. Bu gün də bu əlaqələr möhkəmlənməli və inkişaf etməlidir.”
İran, Azərbaycan və Rusiya arasında üçtərəfli əlaqələrin iqtisadi sahədə, enerji və iqtisadi transfertlərdə səmərəli olduğunu bildirən Parlament sədri qeyd edib ki, Şimal-Cənub tranzit marşrutu və Avropaya və Uzaq Şərqə tranzit iki ölkənin əməkdaşlığı ilə inkişaf etdirilə bilər. Bu, hər üç ölkə üçün imkandır.
“İran İslam Respublikası iki ölkə arasında bütün sahələrdə, xüsusilə dəmir yolu və avtomobil nəqliyyatı və enerji tranziti sahələrində əlaqələri genişləndirmək əzmindədir. Hər iki ölkə dəmir yolu və avtomobil yolları layihələrinin icrasını sürətləndirməlidir” - deyə, o, əlavə edib.
Qalibaf deyib: “Biz xarici qüvvələrin bölgəyə hər hansı müdaxiləsini qəbul etmirik. Regional məsələlər region ölkələri arasında həll olunmalıdır. Biz 3+3 görüşləri səviyyəsində məsələləri irəli sürə və regionda sülh və sabitliyə töhfə verə bilərik.”
Qanunverici orqanın sədri bəyan edib ki, bölgəmizdə yeni şərait yaranıb və biz parlament əlaqələrinin inkişafına üstünlük verməliyik. Görüşdə iştirak edən hər iki ölkənin dostluq qrupları xüsusilə iqtisadi sahədə əlaqələrin inkişafına kömək etməlidir. Sərhəd və yol münasibətlərini inkişaf etdirmək, sərhəd bazarları yaratmaq, insanların gediş-gəlişini asanlaşdırmaq, Tehranla Bakı arasında uçuşları artırmaq üçün çalışmalı və şərait yaratmalıyıq. Bu işlər iki ölkə arasında ticarətin səviyyəsini genişləndirəcək.
Görüşün davamında Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova iki ölkə arasında əlaqələrin əhəmiyyətinə və iki ölkənin rəsmi şəxsləri arasında həyata keçirilən səfərlərə toxunaraq deyib: “Cənubi Qafqazda yeni şəraitin yaranması, çoxtərəfli və ikitərəfli münasibətlərin vacib olması ilə bağlı sizinlə razıyam.”
Sahibə Qafarova əlavə edib: “Azərbaycan Respublikasının siyasəti ondan ibarətdir ki, regional məsələləri region ölkələri həll etməlidir. Biz 3+3 danışıqları siyasətini dəstəkləyirik və regiondankənar aktorların regiona daxil olması gərginliyə gətirib çıxarır. İqtisadi və humanitar məsələləri inkişaf etdirərkən üçüncü ölkələrin bu prosesi pozmasına imkan verməməliyik.”
Azərbaycan Milli Məclisinin sədri deyib: “Sülh və sabitlik olmadan inkişaf mümkün deyil və biz üçüncü ölkələrin regionda olmasına qarşıyıq. Biz parlamentin və xalqların nümayəndələri olaraq xalqımızın mənafeyinə çalışmaq üçün buradayıq. Biz birgə layihələri izləməli və onların reallaşması istiqamətində çalışmalıyıq. İki ölkənin parlamentləri arasında güclü tarix var və biz bu əlaqələri bundan sonra da davam etdirməliyik. İranla parlament əlaqələrinin inkişafı parlamentdə bizim üçün həmişə prioritet olub.”
Qafarova qeyd edib ki, biz ikitərəfli münasibətlərdə beynəlxalq əməkdaşlığın güclənməsini arzu edirik. Nəqliyyat kimi məsələlərlə məşğul olan 15 komissiyamız var və qanunların qəbulu ilə biz iki ölkə arasında münasibətlərin inkişafına kömək edə bilərik. Bu qənaətdəyəm ki, indiki vəziyyətdə İran və Azərbaycan kimi qonşu dövlətlər arasında daha sıx əlaqələr, daha dərin münasibətlər olmalıdır.
Sizin rəyiniz