Çərşənbə axşamı Ermənistan Azərbaycan Respublikasından tələb edib ki, iki ölkənin ümumi sərhədində atəşkəs rejiminin pozulmasını araşdırsın, çünki sərhəddə atışmalarla bağlı xəbərlərin dərci iki ölkə arasında münaqişənin yenidən başlaması ehtimalını artırıb.
Ermənistan və Azərbaycan mart ayında əvvəllər əsasən ermənilərin məskunlaşdığı Qarabağ bölgəsi üzərində 40 ilə yaxın davam edən münaqişəyə son qoymaq üçün sülh müqaviləsinin mətni üzərində razılaşdıqlarını bəyan ediblər.
Lakin müqavilənin mətni üzrə razılıq əldə olunduqdan sonra hər iki tərəfin rəsmiləri atəşkəs rejiminin 26 dəfə pozulması barədə məlumat veriblər.
Razılaşmanın elan edilməsindən əvvəlki 5 ay ərzində cəmi üç atəşkəs pozuntusu qeydə alınıb. Bu ittihamların əksəriyyəti Azərbaycan tərəfindən səsləndirilib.
Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın müqaviləni imzalamadığı təqdirdə hərbi əməliyyatların bərpası ehtimalına eyham vurub.
Ermənistan bazar ertəsi Azərbaycanı Xnatsaxın sərhəd bölgəsini atəşə tutmaqda və kəndin mədəniyyət mərkəzinə ziyan vurmaqda ittiham edib. Azərbaycan isə bunu “yanlış məlumat” adlandırıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan çərşənbə axşamı ölkə parlamentində deyib ki, Azərbaycan bu pozuntuları ya Ermənistanın iştirakı ilə, ya da beynəlxalq əməkdaşlıq çərçivəsində araşdırmalıdır.
“Bu hadisələr ya Azərbaycan silahlı qüvvələrindəki qeyri-mütəşəkkilliyin nəticəsidir, ya da əhaliyə psixoloji təzyiq göstərmək məqsədi daşıyır”- deyə, Paşinyan bildirib.
O, əlavə edib: “Ermənistan Azərbaycan Respublikasını yuxarıda qeyd olunan halları araşdırmağa və onların dayandırılması üçün tədbirlər görməyə çağırır.”
Azərbaycan Qarabağ bölgəsini 2023-cü ildə geri aldı və bu hərəkət bölgədə yaşayan 100 min erməninin demək olar ki, hamısının ölkəni tərk etməsinə səbəb oldu. Bundan sonra hər iki ölkə sülh müqaviləsi imzalamaqla münaqişəyə rəsmən son qoymaq istədiklərini açıqladılar, lakin danışıqlar ləng gedir.
Sizin rəyiniz