İranın Xarici Əlaqələr Şurasının sədri Seyid Kamal Xərrazi Tehran Dialoq Forumu çərçivəsində keçirilən iclasda regional dialoqların zəruriliyinə toxunaraq deyib: "Tehran danışıqlarının dördüncü raundu qarşılıqlı anlaşmaya nail olmaq məqsədi daşıyır ki, mövcud fikir ayrılıqlarına baxmayaraq, regional məsələləri dialoq yolu ilə həll etmək mümkün olsun."
Xarici Əlaqələr Şurasının sədri ölkələrin yeni dünya düzənində yer tapmaq səyləri barədə deyib: "Bu gün dünya çoxqütblüyə doğru gedir və regional güclər kimi Çin, Hindistan, İran, Türkiyə və Rusiya kimi ölkələr qlobal səviyyədə rol oynamalıdır."
Birqütblü dünyanın sona çatdığını və onun yerinə çoxqütblü sistemin gəldiyini vurğulayan Xərrazi belə izah edib: "Müstəqillik iddiasında olan və böyük dövlətlərin ağalığı altında olmaq istəməyən təşkilatlar öz rolunu oynamalıdırlar. Amma bu, beynəlxalq səviyyədə yeni nizamın hökm sürəcəyi demək deyil, əksinə, bu, ölkələrin müstəqilliyinin qorunub saxlanmasına yönəlmiş paralel prosesdir."
Strateji Şuranın sədri İran-Avropa əlaqələri haqqında da deyib: "Avropa maliyyə, sənaye və texnoloji sahələrdə böyük potensiala malikdir və nüfuzlu müstəqil qurum ola bilər. Amma təəssüf ki, bu gün bizim Avropa ilə münasibətlərimiz onların Amerikaya tabe olması və sionist rejimin təsiri səbəbindən donub."
Xərrazi bu gün Qəzzədə canlı soyqırımın şahidi olduğumuzu bildirərək deyib: "Hər gün yüzlərlə qadın, uşaq, dinc əhali yeməkdən, sudan məhrum edilir və bu soyqırım televiziya vasitəsilə canlı yayımlanır. Buna baxmayaraq, bəzi ölkələr sionist rejimə silah satmaqda davam edir. ABŞ və sionist rejimin təzyiqi ilə həyata keçirilən bu hərəkətlər cinayətdə iştirakdan ibarətdir."
Xarici Əlaqələr üzrə Strateji Şuranın sədri Amerika rəsmilərinin açıqlamalarındakı bəzi ziddiyyətlərdən də danışıb: "ABŞ-ın İranla danışıqlara hazır olması göstərir ki, onlar İrana başqa ölkələr kimi rəftar edə bilməzlər. İran güclü ölkədir və təhdidlərə reaksiya verir və sionistlər bilirlər ki, İranla təhdid mövqeyindən danışa bilməzlər."
Sizin rəyiniz