SEPAH Quru Qoşunları Əməliyyatları Komandanının müavini və Birgə Təlim Komandiri general-mayor Vəli Mədəni açılış mərasimi çərçivəsində təlimin məqsədlərinə toxunaraq deyib: “Bu təlim iki ölkənin strateji, əməliyyat və hərbi məqsədlərini yüksəltmək üçün və İran və Azərbaycan prezidentləri arasında razılaşmalar əsasında həyata keçirilir. Ötən il onun birinci mərhələsi İran İslam Respublikasının coğrafi ərazisində keçirilib, bu il də həmin yolu davam etdirərək Azərbaycanın coğrafi ərazisində həyata keçirilir."
General-mayor Mədən bu təlimdə SEPAH Quru Qoşunlarının Mirzə Kiçik Xan Xüsusi Təyinatlı Qüvvələr Briqadasından bir batalyonun iştirakına toxunaraq əlavə edib: "SEPAH Quru Qoşunlarının Xüsusi Təyinatlı Qüvvələri tam təchiz edilmiş, bacarıqlı və yüksək ixtisaslaşmışdır və biz imkan və texnikamızın bir hissəsini təlim zonasına köçürdük.”
Birgə təlim komandiri daha sonra izah edib: "Bu təlimin açılış mərasimində iki ölkənin yüksək rütbəli hərbi komandirləri və hərbi attaşeləri Azərbaycan Respublikası şəhidlərinin xatirəsinə ucaldılmış “Dəmir yumruq” abidə kompleksində iştirak edərək bu ölkə şəhidlərinin xatirəsini ehtiramla yad etdilər. Bundan sonra yüksək rütbəli hərbi komandirlər İran İslam Respublikasının və Azərbaycan Respublikasının bayraqlarını salamladılar, daha sonra təlimdə iştirak edən qüvvələr komandirlər və hərbi qulluqçuların qarşısında parad keçirib, komandirlər sıra baxışı keçirdilər."
“Sabah bu məşq xüsusi təlimlərlə davam etdiriləcək” - deyə, o, sonda bildirib.
Sizin rəyiniz