Tehran – İRNA - BMT-nin Ticarət və İnkişaf Konfransı (UNCTAD) İranın 2022-ci ildə 1,5 milyard dollar birbaşa xarici investisiya cəlb etdiyini və bu baxımdan İranın dünyada 79-cu, Yaxın Şərqdə isə 4-cü yerdə olduğunu açıqlayıb.

İRNA-nın məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı (UNCTAD) birbaşa xarici investisiya hesabatları silsiləsindən ibarət son hesabatında ötən il İrana birbaşa xarici investisiyaların 5٪ artdığını bildirib.


UNCTAD-ın açıqladığı statistika göstərir ki, 2022-ci ildə İran 1 milyard 500 milyon dollar birbaşa xarici investisiya cəlb edə bilib. 2021-ci ildə İran 1 milyard 425 milyon dollardan çox birbaşa xarici investisiya cəlb edə bilmişdi. Bununla da, İranın 2022-ci ildə birbaşa xarici investisiyalarının həcmi əvvəlki ilə nisbətən 75 milyon dollar artıb.

İran dünyada xarici kapital cəlb etmək baxımından 79-cu yerdədir
2022-ci il ərzində İrana birbaşa xarici sərmayənin 5٪ artması, elə bir vaxtdadır ki, dünyadakı xarici investisiyaların həcmi bu il ərzində 13٪ azalaraq 1294 milyard dollara çatıb.
İran 2022-ci ildə xarici investisiyaların cəlb edilməsinə görə dünya ölkələri arasında 79-cu yerdə qərarlaşıb. Birinci yerdə 285 milyard dollar investisiya ilə ABŞ, ikinci yerdə 189 milyard dollarla Çin, üçüncü yerdə isə 141 milyard dollarla Sinqapur qərarlaşıb. ABŞ-ın bu il cəlb etdiyi xarici sərmayənin həcmi əvvəlki illə müqayisədə 26٪ azalıb.
İran 2022-ci ildə Bolqarıstan, Estoniya, İrlandiya, Albaniya, Serbiya, İslandiya, Pakistan və Türkmənistan kimi ölkələrdən daha çox xarici kapital cəlb edib.

İran xarici kapitalın cəlb edilməsi baxımından Yaxın Şərqdə dördüncü ölkədir
Yaxın_Şərq regionunda birbaşa xarici investisiyaların cəlb edilməsi baxımından İranın vəziyyəti yaxşıdır. İran 2022-ci ildə birbaşa xarici investisiyaların cəlb edilməsi baxımından bu regionun 10 ölkəsi arasında 4-cü yerdə qərarlaşıb. Səudiyyə Ərəbistanı 7 milyard 886 milyon dollar sərmayə ilə bu baxımdan regionda birinci yerdədir. Bu göstəricidə ikinci və üçüncü yerləri 3 milyard 716 milyon dollarla Oman, 1 milyard 951 milyon dollarla Bəhreyn tutur.