Dəməşq - İRNA - Suriya Prezidenti Bəşər Əsəd İraqın Baş nazirinin ölkəsinə səfərini iki ölkə arasında ikitərəfli əməkdaşlıqda böyük inkişaf və sıçrayış əldə etmək üçün fürsət hesab edib.

İRNA-nın Suriya dövlət mediasına istinadən verdiyi xəbərə görə, Suriya və İraq arasında ikitərəfli əlaqələr, iki ölkə arasında ticarət mübadiləsi, nəqliyyat və sənaye daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi, müxtəlif siyasi məsələlərdə daimi koordinasiya və terrorla mübarizədə birgə səylər Suriya Prezidenti Bəşər Əsədin İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani ilə Suriya və İraqın rəsmi nümayəndə heyətlərinin iştirakı ilə apardığı danışıqlarda diqqət mərkəzində olan mövzulardır.

Suriya Prezidenti və İraqın Baş naziri müxtəlif situasiyalarda yan-yana dayanan İraq və Suriyanı bir-birinə bağlayan amilin qardaşlıq və tarixi əlaqələr olduğunu vurğulayıblar.

Ölkə başçıları bu əlaqələrin rəsmi miqyasda inkişafının davam etdiriləcəyinə təkid ediblər.

Suriya Prezidenti bu səfəri institusional əlaqələr qurmaq və iki ölkə arasında ikitərəfli əməkdaşlıqda böyük sıçrayış əldə etmək üçün fürsət hesab edib.

İraqın Baş naziri Suriyanın bütün iraqlıların qəlbində xüsusi yeri olduğunu, iraqlılar üçün bu qardaş ölkənin xüsusi önəm kəsb etdiyini vurğulayıb.

Əs-Sudani əlavə edib: “İnsanlar, məruz qaldıqları ən ağır terror hücumu qarşısında Suriya xalqının göstərdiyi dəyanətdən qürur duyurlar.”

Suriyanın xarici işlər naziri Feysəl əl-Miqdad ötən ay Şiya Əs-Sudani ilə görüşmək üçün Bağdada səfər edərək Suriya Prezidentinin İraqın Baş nazirinə Dəməşqə səfərə dəvətini çatdırmışdı, habelə İraqın Baş naziri ilə ikitərəfli əməkdaşlığın daha çox sahələrinin perspektivləri, regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi məqsədilə birgə fəaliyyətlərin əlaqələndirilməsi barədə danışmışdı.

İraqın Baş naziri bu görüşdə Suriya ərazilərinin bütövlüyü və bu ölkədə milli birliyin qorunmasının İraq üçün böyük əhəmiyyət kəsb etdiyinə işarə edərək, İraqın milli təhlükəsizliyinin Suriyanın təhlükəsizliyindən qarşılıqlı asılı olduğunu vurğulayıb.

Baş nazir Bağdadın Suriya xalqına üzləşdiyi problem və böhranları aradan qaldırmağa kömək etməyə tam hazır olduğunu açıqlayıb.

Məhəmməd Şiya əl Sudaninin Dəməşqə səfərində iki ölkə arasında sazişlər paketinin imzalanacağı gözlənilir.

Siyasi ekspertlərin fikrincə, bu səfər zamanı İraq neftinin ixracı üçün Türkiyənin Ceyhan limanına alternativ olaraq “Kərkük-Baniyas” neft kəmərinin işə salınması ilə bağlı razılığın əldə olunacağı ehtimalı az deyil.