İRNA-nın məlumatına görə, Hüseyn Əmir Abdullahiyan və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov telefon danışığı zamanı ikitərəfli və regional əlaqələr və ölkələrin ərazi bütövlüyünə hörmət edilməsinin zəruriliyi barədə fikir mübadiləsi aparıblar.
Telefon danışığında tərəflər iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirib və iki ölkə prezidentlərinin münasibətləri mümkün qədər inkişaf etdirmək iradəsini vurğulayıblar.
Həmçinin, Qafqazda baş verən proseslərə toxunan tərəflər İranın xarici işlər naziri ilə Azərbaycan Respublikasının Prezidenti arasında son danışıqlara da diqqət yetiriblər.
Bununla bağlı İran, Rusiya, Türkiyə, Azərbaycan Respublikası, Ermənistan və Gürcüstan da daxil olmaqla 3+3 formatı adlanan regional danışıqların çərçivəsi vurğulanıb.
Söhbət zamanı İran, Rusiya, Türkiyə və Suriya xarici işlər nazirlərinin ikinci görüşünün keçirilməsi ilə bağlı məsləhətləşmə aparılıb.
Rusiya və Fars körfəzinin cənub sahillərində yerləşən ölkələrin birgə bəyanatında Fars körfəzinin üç İran adası ilə bağlı bəndin müddəalarına təəccübləndiyini bildirən Əmir Abdullahiyan bu adaların tarixi və əbədi olaraq İrana məxsus olduğunu vurğulayıb.
Xarici işlər naziri əlavə edib: “İran İslam Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü heç bir şəkildə müzakirə olunmayıb və ola da bilməz.”
Diplomatik aparatın başçısı eyni zamanda İran və Rusiya münasibətlərini möhkəm təməllərə malik adlandıraraq deyib: “İki ölkə arasındakı dərin münasibətlərə xələl gətirəcək heç bir addım atılmamalıdır.”
Rusiya Federasiyasının xarici işlər naziri Rusiyanın BMT Nizamnaməsinin bütün prinsiplərinə, o cümlədən ölkələrin suverenliyi və ərazi bütövlüyü ilə bağlı prinsiplərə sadiq qaldığını vurğulayaraq deyib: “Rusiya Federasiyası İran İslam Respublikasının suverenliyi və ərazi bütövlüyü ilə bağlı heç bir şübhəyə yol vermir və ona tamamilə hörmət edir və edəcək.”
Bu danışıqda tərəflər iki ölkə arasında dostluq münasibətlərinə hörmət, onların qorunub saxlanılması və gücləndirilməsinin vacibliyini vurğulayıblar, həmçinin İran və Rusiya arasında strateji sazişin mətninin hazırlanmasının son mərhələləri haqqında fikir mübadiləsi aparıblar.