Bakı - İRNA - İslam Respublikası Xəbər Agentliyinin baş direktoru Əli Nadiri Azərbaycan Respublikasına dörd günlük səfəri çərçivəsində bu gün rəsmi Azərtac Xəbər Agentliyinin dəvəti ilə bu informasiya agentliyinin ofisində olub, onun rəhbərləri ilə görüşüb.

İRNA-nın məlumatına görə, Nadiri görüş zamanı Seyid İbrahim Rəisi hökumətinin mühüm siyasətlərindən birinin də qonşularla əlaqələri inkişaf etdirmək olduğunu vurğulayaraq deyib: “Bizim ən mühüm qonşularımızdan biri Azərbaycan Respublikasıdır. Azərbaycanla münasibətlərin inkişafı yeni hökumətin fəaliyyətə başladığı vaxtdan ciddi şəkildə davam etdirilib.”

İran və Azərbaycan Respublikası arasında yaxşı münasibətlərin düşmənləri olduğunu qeyd edən Nadiri deyib: “Bizim iradəmizdən kənar ola biləcək səbəblərdən təəssüf ki, Azərbaycan Respublikasının səfirliyinə acı hücumla bağlı bu münasibətlər gərginləşib, amma hər iki tərəfin iradəsi məsələlərin həlli ilə bu iki dost ölkənin münasibətlərini əvvəlki vəziyyətinə qaytarmaqdan ibarətdir.”

İRNA-nın baş direktoru bildirib: “Bu yanaşma əsasında İRNA Xəbər Agentliyinin iki layihəsi var: birincisi, yaxın günlərdə Azərbaycan Respublikasının Şuşa şəhərində İRNA-nın Azəri saytının açılışı; ikinci layihə isə İran İslam Respublikası Xəbər Agentliyinin Bakıdakı ofisini bərpa etməkdir ki, müxbir göndərməklə Azərbaycan xəbərlərini birbaşa və vasitəçi olmadan əks etdirə bilək.”

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvinin iştirakı ilə keçirilən bu media görüşündə səfir deyib: “Təəssüf ki, saxta xəbərlər iki ölkə arasındakı münasibətlərə qarşı çox səs-küy yaratdı. İki ölkənin rəsmi xəbər agentliklərinin əlaqələri və fəaliyyəti artarsa, saxta xəbərlərə yer qalmayacaq.”

Musəvi əlavə edib: “İRNA-nın baş direktorunun Azərbaycana səfəri də həmin istiqamətdədir. Bu gün onlar İRNA Azəri-nin fəaliyyətə başlaması müjdəsi ilə Azərbaycana gəliblər.”

Səfir sonda deyib: “Son siyasi gərginliklər zamanı İRNA və AZƏRTAC xəbər agentlikləri peşəkarcasına fəaliyyət göstərərək gərginliyə qarışmadılar və faktiki olaraq saxta xəbərlərin tələsinə düşmədilər.”