İRNA-nın məlumatına görə, bu görüşdə iştirak edən ölkələr Cənubi Qafqaz regionunun problemlərini araşdıracaq və regional əməkdaşlığı (siyasi, iqtisadi, təhlükəsizlik, tranzit, enerji və s.) genişləndirməyə çalışacaqlar.
Bu regional qrupun yaradılmasının ən mühüm məqsədlərindən biri bölgə ölkələrinin iştirakı ilə, regiondankənar və qərb ölkələrinin müdaxiləsi olmadan regionun problemlərini həll etməkdir. Buna əsasən, sabahkı görüşün mövzularından biri də Azərbaycan və Ermənistan arasında sülh danışıqları olacaq.
Ermənistanın Baş naziri Nikol Paşinyan bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi “3+3” formatında görüşün keçirilməsinə razı olduğunu bildirib.
Paşinyan bu barədə deyib: “O zaman növbəti görüşün Tehranda “3+3” formasında keçirilməsi razılaşdırıldı. Biz bu formatda danışıqları davam etdirməyə hazırıq.”
Xarici işlər nazirlərinin müavinləri səviyyəsində “3+3”ün ilk görüşü ötən il Gürcüstanın iştirakı olmadan Moskvada keçirilib.