İRNA-nın ərəb mediasına istinadən verdiyi xəbərə görə, sionist rejimin xarici işlər naziri X portalında yazıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qəzzada baş verən hadisələrlə bağlı açıqlamalarına cavab olaraq Ankaradakı “israilli” diplomatlardan Təl-Əvivə geri qayıtmalarını istəyib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü Fələstinə dəstək və İsrailin Qəzzaya təcavüzünü pisləyən kütləvi nümayişdə deyib: Dünənə qədər Ukraynada zülmə görə göz yaşı tökənlər bu gün İsraili dəstəkləyir və əlləri Qəzza xalqının qanına bulanıb və Qərb rəsmiləri Qəzzada qurbanların fəryadlarına, eləcə də Birləşmiş Millətlər Təşkilatının Baş katibinin tələblərinə məhəl qoymur.
Türkiyə prezidenti həmçinin Qəzzada təhlükəsiz yer olmadığına, su, elektrik və qidanın tapılmadığına diqqət çəkərək, qeyd edib: İsrailin Qəzzadakı hərəkətləri özünümüdafiə deyil, pis xislətli qətliamdır və biz Qəzza xalqına qarşı cinayətlərə ortaq olmamalıyıq.
Rəcəb Tayyib Ərdoğan əlavə edib: Qəzzada baş verənlər təkcə Qəzza əhalisi ilə bağlı deyil. Əksinə, bu, bizim hamımızın məsələsidir. Bu səbəbdən bölgə xalqlarına və hökumətlərinə xatırladırıq ki, birlik gücün, parçalanma isə qarışıqlığın mənbəyidir.