İRNA-nın məlumatına görə, bu barədə İngiltərə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatında bildirilir ki, bu ölkə HƏMAS-la əlaqəsi olan digər 7 üzvünə qarşı “bu təşkilatın yaratdığı təhlükəyə qarşı mübarizə, maliyyə resurslarına çıxışı kəsmək və bu təşkilatla əlaqəli insanlara səfər məhdudiyyətləri tətbiq etmək” baxımından sanksiya tətbiq edib.
Bəyanatda əlavə olunur: “ABŞ ilə razılaşdırılan bugünkü addım oktyabrın 7-də İsrailə hücumundan sonra Böyük Britaniyanın HƏMAS-la əlaqəli şəxslərlə qarşı məqsədyönlü sanksiyalarının ikinci mərhələsidir.”
İngiltərə XİN-nin bəyanatına əsasən, Fələstinin Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının (HƏMAS) tanınmış liderlərindən olan Mahmud əz-Zahar və bu hərəkatın komandanlığının yüksək rütbəli üzvü Əli Baraka bugünkü sanksiyalarda hədəfə alınanlar sırasındadırlar.
İngiltərə XİN iddia edib ki, bu sərt tədbirlər HƏMAS-la əlaqəli şəxslərin, Qəzzadan qıraqda fəaliyyət göstərsələr belə, məsuliyyətdən qaça bilməyəcəklərini göstərir.
İngiltərənin Xarici İşlər naziri Devid Kemeron bu barədə açıqlamasında deyib: “HƏMAS-ın Qəzzada gələcəyi ola bilməz. HƏMAS və Fələstin İslami Cihad Hərəkatına qarşı bugünkü sanksiyalar onların maliyyə resurslarına çıxışını kəsəcək və onları daha da təcrid edəcək.”
İngiltərə XİN-nin açıqlamasına görə, bu ölkədə sanksiya tətbiq edilən şəxslər və qurumların aktivləri dondurulub, İngiltərə şirkətləri və vətəndaşlarına onlarla maliyyə sövdələşməsi qadağan edilib. Həmçinin, sanksiyaya məruz qalan fiziki şəxslərin İngiltərəyə səfər etmək hüququ yoxdur və onların bu ölkəyə girişi və ya keçidi qadağandır.