Ayətullah Seyid Həsən Amili Ərdəbildə bu həftənin cümə namazı xütbələrində deyib: “İnqilabın qələbəsinin əvvəlindən sionist rejim İranda böyük cinayətlər törədib; şəxsiyyətlərə sui-qəsdlər, nüvə alimlərinə sui-qəsdlər, dəhşətli partlayışlar, sanksiyalar tətbiq etmək, sanksiyaları gücləndirmək, Amerika və Avropanı İrana qarşı qızışdırmaq, İsrailin əməkdaşlığı ilə İranda 17 min insanı qətlə yetirən münafiqlərə dəstək vermək.”
İmam cümə əlavə edib: “Çoxları hələ də bu hərəkətin dərinliyini anlamır. Qərbi Asiyada ilk dəfə olaraq müsəlmanlar arasından çox qüdrətli və müstəqil bir güc meydana çıxdı və Qərbin şeytani gücündən qorxmadı.”
Cümə namazı xətibi deyib: “Osmanlı İmperiyasının süqutundan bu yana heç bir İslam ölkəsinin İsrailin nümayəndəsi olduğu bu şeytani gücün sonsuz vəhşilik və zülmlərinə qarşı zərrə qədər etiraz etməyə cəsarəti çatmayıb. Keçən əsrdə Yaxın Şərqdə bir gücün formalaşmasının qarşısını almaq üçün bütün güclərini səfərbər etdilər. Sanksiya və JCPOA məhdudiyyətləri də bu istiqamətdə idi.”
Ayətullah Amili xütbəsinin davamında deyib: “Amerikalılar və israillilər İran konsulluğuna hücum edərkən hesablamada tamamilə səhv etdilər. Bunu özləri deyirlər. Deyirlər ki, biz İranın qisas alacağını qətiyyən düşünmürdük. Çünki biz həm İran daxilində, həm də Suriyada iranlıları öldürmüşdük, amma İran dözüm göstərmişdi.”
İran İsrailin qaniçən başçılarına müharibə qaydalarını öyrətdi
Vəliyyi-fəqihin Ərdəbil vilayəti üzrə nümayəndəsi bildirib: “Bu əməliyyat təkcə iranlıların deyil, bir milyard yarım müsəlmanın da müqəddəs qürurunu bərpa etdi. Bütün İslam ölkələrində xalqlar İranı alqışlayırlar. Bu əməliyyatla bütün müsəlmanların qəlbində bir ümid qığılcımı yaranıb.”
Ərdəbil imam cüməsi deyib: “Bu əməliyyatda İran İsraildən fərqli olaraq mülki insanları hədəfə almadı, İsrailin Nəqib bölgəsindəki üç mühüm hərbi bazanı hədəfə aldı. İran bu dəyərli hərəkəti ilə İsrailin qaniçən başçılarına müharibə qaydalarını öyrətdi.”
Hava hücumundan müdafiə qalxanından keçməsi İranın hərbi imkanlarını göstərir
İmam cümə xütbəsinin digər hissəsində deyib: “İki min kilometrə yaxın bir məsafədə bu tip əməliyyat keçirildikdə, düşmən asanlıqla pilotsuz təyyarələrin və raketlərin gəldiyini hiss edir. Ona görə də, bütün təchizatı ilə onları vurmağa hazırlaşır. Lakin İsrailin öz etirafına əsasən, pilotsuz təyyarələrin və raketlərin əhəmiyyətli bir hissəsi yüksək inkişaf etmiş maneələrdən keçib.”
Vəliyyi-fəqihin nümayəndəsi deyib: “İranın İordaniyada və İsrailin müdafiəsinin ön xəttində olan Amerika, İngiltərə, Fransa və Almaniyanın keçilməz hava qalxanından keçməsi onlara dəhşətli mesaj verir. Bu mesaj, İranın çox qabarıq hərbi texnologiyaya çıxışıdır.”
Qərb mediasının kvadrokopter hücumu ilə bağlı iddiası İsrailin daxili istifadəsinə hesablanıb
Ərdəbil imam cüməsi deyib: “Qərbin media imperiyası bucümədən başlayaraq İsrailin İrana hücum etməsi xəbərləri ilə bütün dünyanı doldurdu. Bu kimi xəbərlər İsrailin daxili istifadəsinə hesablanıb. Dünyaya bunu çatdırmağa cəhd edirlər ki, biz İrana qarşı səssiz qalmamışıq! Bu böyük yalan, həm də böyük bir özünü ələ salmaqdır, digər tərəfdən isə İsrailin gücündən çox, onun zəifliyini göstərir.
Hadisə sadəcə İsfahanda bir neçə kvadrokopterin uçmasıdır və bu əvvəllər də baş verib. İndi dünyanın bütün mediası bu sualı verir ki, kvadrokopterin iki min kilometr məsafə qət etməyə gücü varmı?”