Tehran - İRNA - Prezident Suriyanın suverenliyi və ərazi bütövlüyünün qorunmasını İranın regional strategiyası hesab edib, Suriya hökuməti və xalqına dəstəyin davam edəcəyini vurğulayaraq deyib: “İnanırıq ki, Suriya bu ölkənin təhlükəsizliyi və sabitliyinə qarşı sionistlərin sui-qəsdlərinə bir daha qalib gələcək və bu yolda biz də Suriya hökumətinin və xalqının yanındayıq.”

Məsud Pezeşkiyan Suriya Prezidenti Bəşər Əsədlə bu gün, bazar ertəsi, 2 dekabr günorta saatlarında telefon danışığında İranın Suriyadakı prosesləri ciddi və diqqətlə izlədiyini bildirib, hazırkı böhrandan çıxmaq üçün ölkəmizin Suriya hökuməti ilə hər cür yardıma və əməkdaşlığa hazır olduğunu vurğulayaraq deyib: “Ümid edirik ki, sizin müdrikliyiniz, qüdrətiniz və mətanətinizlə Suriya ölkəsi bu dövrdən qat-qat çətin vəziyyətlərdən keçdiyi kimi, bu mərhələni də uğurla və qələbə ilə keçəcəkdir.”
Prezident əlavə edib: “İslam ölkələri ilə əməkdaşlıq və qarşılıqlı əlaqə sayəsində sionistlərin müsəlmanlar arasında birlik və vəhdəti pozmaq, bölgədə terror və təhlükəni yaymaq cəhdlərinin qarşısını mütləq alacağıq.”
Prezident Suriyanın suverenliyi və ərazi bütövlüyünü qorumağı İranın regional strategiyası hesab edərək deyib: “İnanırıq ki, Suriya bu ölkənin təhlükəsizliyi və sabitliyinə qarşı sionistlərin sui-qəsdlərinə bir daha qalib gələcək və bu yolda biz də Suriya hökumətinin və xalqının yanındayıq.”
Terrorçuların son hərəkətləri ABŞ və İsrailin Suriyanı parçalamaq cəhdlərinin bir hissəsidir
Suriya Prezidenti Bəşər Əsəd də bu telefon danışığında Prezident doktor Pezeşkiyanın telefon zəngi, həmçinin ölkəmizin Xarici İşlər naziri doktor Əraqçinin Suriya hökuməti və xalqı ilə həmrəylik elan etmək və bu ölkədəki böhranın həllinə kömək etmək istiqamətindəki diplomatik səylərinə görə təşəkkür edərək deyib: “İranın Suriyanı dəstəkləməkdə tutduğu mövqelər bu günlə bağlı deyil, ölkəmizdə gedən çox ağır müharibə illərində və hamının bizi tək qoyduğu zaman bizim yanımızda olan İran İslam Respublikası idi və bu gün bu şərəfli yolu davam etdirən sizsiniz.”
O, daha sonra Suriyanın şimalında terrorçuların hərəkətinin arxasında duran əllərə işarə edərək deyib: “Bu hadisələr müharibənin yeni mərhələsidir və Suriyanın müstəqilliyi və təhlükəsizliyinə qarşı Amerika və sionist planları ilə davam edir. Onların əsas məqsədi Suriyanı parçalamaq, İsrail və Amerika ünsürləri ilə ölkəmizin şimalında ölkə yaratmaqdır.”
Suriya Prezidenti əlavə edib: “Amerika və sionist rejim bu cür hərəkətləri ilə bölgəmizin xəritəsini və sərhədlərini sionistlərin məqsəd və mənafelərinin xeyrinə yenidən cızmaq istəyirlər. Bu arada müqavimət oxu olaraq qarşımızdakı bu savaşda qalib gəlməkdən başqa çarə görmürük. Əminik ki, region ölkələrinin, o cümlədən İranın dəstəyi ilə buna nail olacağıq.”