Məsud Pezeşkiyan Türkmənistanın Milli lideri ilə telefon danışığında bu ölkənin 2025-ci ilin “Sülh və Etibar” adlandırılması ilə bağlı təşəbbüsünü yüksək qiymətləndirib, bölgədə və bütün dünyada sülh, dostluq və əmin-amanlığın bərqərar olacağına ümidvar olduğunu bildirərək deyib: “İran İslam Respublikası regionda və dünyanın bütün bölgələrində sülh və dostluq bərqərar olmasını istəyir, Türkmənistan və digər ölkələrlə bu sahədə əməkdaşlığı alqışlayır.”
Prezident Türkmənistanın Milli liderinə bu ölkədə keçiriləcək Sülh və Etibar Konfransında iştirak etmək üçün dəvət etdiyinə görə minnətdarlığını bildirərək deyib: “İran və Türkmənistanın ortaq və qədim mədəniyyət tarixi var və İslam Respublikası iki ölkə arasında mədəni əməkdaşlığı inkişaf etdirməyə maraqlıdır.”
Telefon danışığında Qurbanqulu Berdiməhəmmədov da İslam İnqilabının qələbəsinin ildönümünü münasibəti ilə təbrik edib, İran hökuməti və xalqına uğurlar arzulayıb, İran İslam Respublikası Prezidentini Türkmənistanda keçiriləcək “Sülh və Etibar” konfransında iştiraka dəvət edərək, regionda və dünyada sülh və dostluğun genişləndirilməsi və dərinləşdirilməsi üçün iki ölkə arasında əməkdaşlıq etməyə çağırıb.