İRNA-nın Ali Milli Müdafiə Universitetinin Beynəlxalq Əlaqələr Mərkəzinə istinadən verdiyi məlumata görə, şənbə günü Ali Milli Müdafiə Universiteti ikitərəfli əməkdaşlığın təşviqi və elmi diplomatiyanın gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Milli Müdafiə Universitetinin nümayəndə heyətinə evsahibliyi edib. Bu səfər zamanı nümayəndə heyəti Ali Milli Müdafiə Universitetinin rektoru general-mayor doktor İsmayıl Əhmədi Müqəddəm ilə görüşüb.
Görüşdə Əhmədi Müqəddəm Azərbaycanın İranın canı olduğunu və İran xalqının hər zaman Azərbaycana böyük sevgi göstərdiyini qeyd edərək deyib: “İran xalqı, hətta azəri olmayanlar belə Azərbaycanın müstəqilliyinə tam hörmətlə yanaşırlar. Çünki Qafqaz regionu İran İslam Respublikası üçün önəmlidir və bu bölgə üçün yaranmış təsirlər də bizim üçün əhəmiyyət daşıyır.”
Ali Milli Müdafiə Universitetinin rektoru Azərbaycan Respublikası Milli Müdafiə Universitetinin akademik vitse-prezidenti ilə söhbətinin davamında deyib: “İran İslam Respublikası Azərbaycanla Ermənistan arasındakı münaqişələrdə həmişə Azərbaycanın müdafiəçisi olub. Biz hər zaman iki ölkə arasında sülhün və qardaşlığın bərqərar olmasına çalışmışıq və Azərbaycanla qədim tarixi əlaqələrimizdən istifadə edərək bu ölkənin Ermənistanla problemlərinin həllinə kömək etməyə səy göstərmişik.”
General-mayor Əhmədi Müqəddəm İran İslam Respublikasının Silahlı Qüvvələrinin strukturunda Milli Müdafiə Universitetinin mövqeyini və əhəmiyyətini izah edərək, bu universitetin növbəti tədris ili üçün Azərbaycan Respublikasından doktorantura səviyyəsinə tələbə qəbuluna hazır və maraqlı olduğunu açıqlayıb.
Görüşdə Azərbaycan nümayəndə heyətinin başçısı, general-mayor Arif Həsənov da, bu nümayəndə heyətinin İran İslam Respublikasına gəlişindən bəri göstərilən çox isti və səmimi qonaqpərvərliyə görə təşəkkür edərək deyib: “Gəldiyimiz andan özümüzü evimizdə təsəvvür etmişik. Halbuki, dünyanın başqa ölkələrinə çoxlu səfərlər etməyimizə baxmayaraq, biz bu hissi heç vaxt belə şiddətlə yaşamamışdıq.”
Azərbaycan Milli Müdafiə Universitetinin akademik vitse-prezidenti bu görüşdən əvvəl universitetin rektor müavini briqada generalı Bulhəsəni və bir sıra universitet rəsmilərinin iştirakı ilə universitetin fəaliyyəti ilə bağlı verilən izaha görə təşəkkür edərək deyib: “İki universitet arasında əməkdaşlıq memorandumunun mübadiləsinə hazılıq vardır. Bu nümayəndə heyəti qayıdan kimi memorandumun layihəsini akademik səviyyədə ikitərəfli əməkdaşlığa başlamaq və doktorantura səviyyəsində nümayəndə heyəti və tələbələrin mübadiləsi üçün Ali Milli Müdafiə Universitetinə göndərəcək. Bu, Ali Milli Müdafiə Universitetinin rektorunun Azərbaycan Respublikasına səfərə dəvət edilməsi və ikitərəfli memorandumun imzalanması üçün əsas olacaq.”
Azərbaycan nümayəndə heyəti Ali Milli Müdafiə Universitetinin fakültələrində, həmçinin bu ali məktəbin əcnəbi tələbələrinin təhsil aldığı fakültələrdə olub, universitetin fəaliyyətləri ilə yaxından tanış olub. Bu nümayəndə heyətinin şərəfinə təşkil edilən naharda iştirak etdikdən, həmçinin hədiyyələr və universitet medalları mübadiləsindən sonra səfəri başa çatıb.
Sizin rəyiniz