6 iyul 2023 at 12:06
Jurnalist kodu: 5290
Xəbər kodu: 85161855
T T
0 Persons

Tags

Qoşulmama Hərəkatı çoxtərəfliliyi əvvəlkindən daha güclü dəstəkləməlidir

Bakı – Tehran - İran İslam Respublikasının xarici işlər naziri deyib: “Dünyada “qanunun aliliyinin” mümkün qədər gücləndirilməsi səylərinə uyğun olaraq, Qoşulmama Hərəkatı beynəlxalq təşkilatlarda daha fəal rol oynamalıdır. Bu hərəkat çoxtərəfliliyi əvvəlkindən daha güclü dəstəkləməli və beynəlxalq qurumlardan alət kimi istifadə edilməsinə qarşı olduğunu dünyada daha yüksək səslə bəyan etməlidir.”

İRNA-nın ezam edilmiş müxbirinin verdiyi məlumata görə, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bu gün (çərşənbə) Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin Bakı Konqres Mərkəzində keçirilən iclasında deyib: “Bu görüşün keçirilməsinə və Qoşulmama Hərəkatına sədrliyi dövründə göstərdiyi səylərə görə Azərbaycan Respublikasına təşəkkür etmək və Uqandanı Hərəkata növbəti sədrliyi münasibətilə təbrik etmək istərdim.”


Xarici işlər naziri əlavə edib: “Beynəlxalq sistemdə baş verən son mühüm hadisələr bəzi çətinliklər yaratsa da, Qoşulmama Hərəkatının daha yaxşı rol oynaması üçün səmərəli imkanlar yaradır. Qoşulmama Hərəkatı bu imkanlardan yeni və inkişaf etmiş dünya yaratmaq məqsədilə ideallarını həyata keçirmək üçün ağıllı şəkildə istifadə edə bilər. Bu istiqamətdə bizim əsas məqsədimiz dünyada “qanunun aliliyi”ni və “ədalət”i gücləndirmək olmalıdır. Çünki əksər böhranların və müharibələrin mənşəyi qanunun kobud və geniş şəkildə pozulması, dəyərlərə etinasızlıqdır.”


İran İslam Respublikasının regional səviyyədə hər zaman etibarlı tərəfdaş olduğunu sübut etdiyini vurğulayan Əmir Abdullahiyan deyib: “Buna misal olaraq İranın terrorla mübarizədə nümunəvi əməkdaşlığı, İraq və Suriya da daxil olmaqla regionda İŞİD cinayətlərinə qarşı mübarizədə İran qüvvələrinin fədakarlıq göstərməsidir. Terrorla mübarizənin böyük qəhrəmanı sərdar Süleymani onun aydın simvolu hesab olunur. İranın qonşuluq siyasəti regionda daha çox yaxınlaşmanı gücləndirmək üçün öz uğurunu sübut etdi. Biz bütün qonşularla və dünya ölkələri ilə münasibətlərin və əməkdaşlığın hərtərəfli inkişafını davam etdirmək əzmindəyik.”


Xarici işlər naziri daha sonra deyib: “Biz hesab edirik ki, regional problemləri ancaq region ölkələrinin əməkdaşlığı ilə həll etmək olar. Buna görə də, İran İslam Respublikası əsas ekoloji problem kimi toz fırtınaları fenomeni ilə mübarizədə bölgə ölkələrinin əməkdaşlığına ümid edir, regionda və dünyanın digər bölgələrində bu hadisədən zərər çəkmiş bütün ölkələri BMT Baş Assambleyasının qətnaməsinə uyğun olaraq tezliklə Tehranda keçiriləcək toz fırtınaları ilə mübarizə üzrə beynəlxalq konfransda iştirak etməyə dəvət edir.”


Qondarma sionist rejimin fələstinlilərə qarşı cinayətlərinə toxunan Abdullahiyan deyib: “Qondarma və işğalçı “ İsrail ” rejimi tərəfindən regionun və dünyanın sülh və təhlükəsizliyinə qarşı kütləvi qırğın silahları təhlükəsi ilə yanaşı, bu aparteid rejiminin fələstinlilərə qarşı sistemli zorakılığı, o cümlədən qadınların və uşaqların vəhşicəsinə öldürülməsi, evlərin dağıdılması, Məscidül-Əqsa da daxil olmaqla müqəddəs yerlərin təhqir edilməsi hələ də davam edir.”


Xarici işlər naziri əlavə edib: “Biz sionist rejimin Cenində günahsız fələstinlilərə qarşı son vəhşi hücumlarını qətiyyətlə pisləyirik və beynəlxalq ictimaiyyətdən istəyirik ki, bu qondarma və işğalçı rejimə, onun düşmənçilik hərəkətlərinə qarşı qəti və çevik reaksiya versin. Bu işğalçı rejimin cinayətlərinə son qoyulmalıdır. Şübhəsiz ki, bəzi ölkələrin sionist rejimlə münasibətlərinin normallaşması regionda sabitliyin pozulmasına gətirib çıxarır və bu normallaşma Fələstin xalqının və İslam dünyasının dəyər və ideallarından üz döndərməkdir. Qondarma İsrail rejiminin bölgədəki, o cümlədən Suriya, Livan və Fələstinlilərə qarşı hərbi hücumları dərhal dayandırılmalıdır.”

Xarici işlər naziri bildirib: “Ukrayna və Qafqazdakı vəziyyətə gəlincə, biz bir daha Ukraynada müharibənin dayandırılmasının və onun siyasi həllinin zəruriliyini vurğulayırıq. İnanırıq ki, Cənubi Qafqaz regionunda mübahisələri sülh yolu ilə həll etmək mümkündür. Bu gün Azərbaycanın möhtərəm prezidenti cənab İlham Əliyevlə görüşümdə bildim ki, Rusiya, Ermənistan və Azərbaycan arasında üçtərəfli sazişə əsasən, Azərbaycan regionda kommunikasiya xətlərinin tıxanmasını aradan qaldırmağa çalışır və Bakının qonşu dövlətlərin yolunu bağlamaq niyyəti yoxdur. Bu, Prezidentin ciddi şəkildə vurğuladığı məsələdir. Təbii ki, Cənubi Qafqazda mübahisələrin sərhədlərin dəyişdirilmədən sülh yolu ilə çözülməsi məsələsi İran İslam Respublikası tərəfindən daim vurğulanır. Biz inanırıq ki, dünyanın bu regionu həm region üçün, həm də ondan kənarda nəqliyyat bölgəsi olmaq gücünə malikdir. İran İslam Respublikası öz imkanlarından istifadə edərək bu məqsədin reallaşmasına yardım etməyə hazırdır.”


Əmir Abdullahiyan çıxışının davamında deyib: “İnkişafa nail olmaq hər bir xalqın haqqıdır. Qoşulmama Hərəkatının dünyada sanksiyaları və digər birtərəfli məcburi tədbirləri kəskin şəkildə pisləməsi və onların aradan qaldırılmasını tələb etməsi bizi sevindirir. Birtərəfli, qeyri-qanuni, qeyri-insani sanksiyalar iqtisadi terrorizmin bariz nümunəsidir və hədəf dövlətlərin insan hüquqlarını açıq şəkildə pozur.”


İsveçdə Qurani-kərimin yandırılmasına münasibət bildirən nazir deyib: “ İran İslam Respublikası İsveçdə Qurani-Kərimi təhqir edən mənfur, normaları pozan, siyasi yönümlü və təxribat xarakterli hərəkəti qətiyyətlə pisləyir. Bəzi Avropa hökumətlərinin islamofobiya və ksenofobiyaya dəstək üçün bu cür qeyri-qanuni prosedurların yaradılmasına rəsmi dəstək vermək istəyini nəzərə alaraq vurğulayırıq ki, Qoşulmama Hərəkatı bu qeyri-qanuni və qeyri-insani hərəkəti ən sərt tonda və mümkün olan ən yüksək səviyyədə qəti şəkildə pisləməlidir. Buna əsasən, İran İslam Respublikası bu görüşün yekun bəyannaməsinə bu məsələnin daxil edilməsinin tərəfdarıdır.”


Əmir Abdullahiyan sonda deyib: “Vurğulamaq istərdim ki, “həmrəylik və birlik”, “ədalət və müstəqillik” ruhu həmişə Qoşulmama Hərəkatının əsas məqsədi olub.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .