43 meksikalı tələbənin qətlində ittiham olunan şəxs işğal olunmuş ərazilərdədir - Təl-Əviv onu ekstradisiya etməkdən imtina edir

Tehran – İRNA - Sionist rejim 43 meksikalı tələbənin qətlində təqsirləndirilən şəxslərdən birinə sığınacaq verib. Rejimin baş naziri bu işin ölçülərini aydınlaşdırmaq üçün Meksika hökuməti ilə əməkdaşlıq edəcəyinə söz versə də, təqsirləndirilən şəxsin ekstradisiyası barədə heç nə deməyib.

İRNA-nın şənbə günü sionist “The Times of İsrael” qəzetinə istinadən verdiyi xəbərə görə, Meksika prezidenti Andres Manuel Lopes Obrador İsrailin baş naziri Benyamin Netanyahunun onun məktubuna cavab olaraq bu ölkədə 43 tələbənin oğurlanması və öldürülməsi ilə bağlı istintaqda əməkdaşlıq edəcəyinə söz verdiyini açıqlayıb.

Meksika prezidenti sionist rejimin keçmiş baş naziri Naftali Bennetə ünvanladığı məktubda 2014-2016-cı illərdə bu ölkənin 43 tələbəsinin oğurlanaraq öldürülməsi işi üzrə təqsirləndirilən şəxslərdən Tomas Zaronun ekstradisiyasını tələb etmişdi. Zaron həmçinin qurbanlara işgəncə verməkdə və 50 milyon dolları mənimsəməkdə ittiham olunur.

Obrador 2019-cu ildə keçirilən prezident seçkilərində qalib gəldikdən sonra Zaron işğal olunmuş ərazilərə qaçıb. O, Meksika Cinayət Axtarış Agentliyinin keçmiş rəhbəri kimi bu 43 tələbənin kollecdən oğurlanması ilə bağlı işin gizlədilməsi və istintaqın nəticələrinə mane olmaqda ittiham olunur.

Meksikanın o vaxtkı polisi bu ölkənin cənub-qərbində yerləşən Gerrero əyalətində etiraz aksiyasına gedən tələbələri kollecdən qaçıraraq narkotik kartelinə təhvil verməkdə ittiham olunur. Narkotik ticarəti ilə məşğul olan bu dəstənin üzvləri isə tələbələri öldürüb, yandırdıqdan sonra meyitlərin külünü çaya atıblar.

İngiltərənin “Times” nəşri 2021-ci ildə İsrailin “Pegasus” (N.S.O.) casus proqram təminatı şirkətinin Zaronun işğal olunmuş ərazilərə qaçmasına kömək etdiyini açıqlayıb.

2022-ci ildə Amerikanın “New York Times” nəşri bu işi araşdıran komissiyanın rəhbəri Alxandro Ensinasın Təl-Əvivə səfəri etdiyini xəbər verdi.

Bu xəbərə görə, Alxandro Zarona təklif edib ki, 43 tələbənin qətli işi ilə bağlı düzgün məlumat verərsə, Meksika prezidenti tərəfindən əfv olunacaq.

2021-ci ilin sentyabrında sionist rejimin Zarona sığınacaq verməsinə etiraz edənlər bu rejimin Mexikodakı səfirliyinə hücum edərək onun ekstradisiyasını tələb ediblər. Meksikalı etirazçılar İsrail səfirliyinin binasına ziyan vurub və divarlarına “İsrailə ölüm” şüarını yazıblar.

Sizin rəyiniz

You are replying to: .