Polkovnik Fərəc Rüstəmi çərşənbə axşamı İRNA müxbiri ilə müsahibədə deyib: İraqda hər cür narkotikin saxlanması ölkə tərəfindən şiddətlə cəzalandırılır və bu ölkəyə səfər etmək niyyətində olan turistlər və zəvvarlar bu barədə tövsiyə olunan məqamlara diqqət yetirməlidirlər.
İlam əyalətinin Sərhəd Mühafizəsi komandiri deyib: Bəzi ərəb ölkələrində fenobarbital, valium və s. kimi əsəb dərmanları, narkotik vasitə sayılır və onların daşıyıcıları qanunla narkotik istifadəçisi sayılır.
O, İraqda narkotiklərlə mübarizənin bəzi qanuni müddəaları barədə deyib: Narkotiklərə bənzər hər hansı şübhəli bitki mənşəli dərmanları, metadon kimi psixotrop həbləri, tərkibində kodein, diazepam, flurazepam, clonazepam, oxazepam, lorazepam və s. olan ağrı kəsicilər kimi sedativ həbləri saxlamaq İraqda cinayət hesab olunur və təqsirkara cəza verilir.
O, deyib: İraq hökuməti son illərdə ölkəyə giriş məntəqələrini ən müasir nəzarət və mühafizə vasitələri ilə təchiz edib və üztanıma mütəxəssis heyətindən istifadə edərək, ölkəyə daxil olan narkotik aludəçilərinin müəyyən edilməsi üçün addımlar atır və baqajlarını axtarır.
Polkovnik Rüstəmi əlavə etdi: Qeyd olunan cinayətləri törədənlərin həbsində yaş və cinsiyyət ayrıseçkiliyi edilmir. Sadəcə olaraq narkotik vasitələrin aşkar edilməsinə görə onları daşıyan şəxs həbs edilir, vəkilin iştirakı olmadan istintaq və məhkəmə prosesləri qətiyyətlə aparılır. Müqəssirlərə uzunmüddətli həbs cəzası verilir. Çıxarılan qərara etiraz etmək və ona yenidən baxmaq imkanı yoxdur.
O qeyd edib ki, tiryək, xaşxaş, kristal və digər qeyd olunan narkotik vasitələrin miqdarına uyğun olaraq hər hansı növ narkotik vasitəni alan, saxlayan, gizlədən və ya daşıyan hər kəsi narkotikin miqdarına uyğun olaraq nağd cərimə, 50 ədəd qamçılama (şallaq), 2 ildən 5 ilə qədər həbs, 5 il ölkəyə girişə qadağa və 1 ildən 5 ilədək ölkədən çıxışa qadağa cəzası gözləyir.
İlam əyalətinin Sərhəd Qoşunları komandanı əlavə edib: İmam Hüseynin (ə) əzəmətli Ərbəin yürüşündə iştirak etmək üçün zəvvarların bəziləri polis və digər aidiyyatı orqanların xəbərdarlıq və tövsiyələrinə məhəl qoymadıqları üçün İraqda qadağan olunmuş bu cür maddələri və həbləri daşımağa cəhd etdiklərinə görə bu mənəvi ayinə qatılma hüququnu itiriblər.
Rüstəmi vurğulayıb: Nüfuzlu mərkəzdən tibbi lisenziyası olmayan insanlar üçün metadon həblərinin daşınması cinayət sayılır və narkotik vasitələrin daşınması ilə eyni cəza tətbiq olunur.
Sizin rəyiniz