4 mart 2024 at 20:49
Jurnalist kodu: 5561
Xəbər kodu: 85408161
T T
0 Persons
Fars Körfəzi Əməkdaşlıq Şurası İran adalarına münasibət bildirmək iqtidarında deyil

Tehran – İRNA - Xarici İşlər Nazirliyinin sözçüsü Fars Körfəzi Əməkdaşlıq Şurasının Nazirlər Şurasının son bəyanatına cavab olaraq deyib: İran qonşularından realist yanaşma ilə xəyali bəyanatlardan çəkinmələrini gözləyir.

İRNA-nın xarici siyasət şöbəsi müxbirinin verdiyi məlumata görə, Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün (bazar ertəsi) səhər jurnalistlərlə keçirdiyi həftəlik mətbuat konfransında ölkəmizdə İslam Şurası Məclisi və Rəhbərlik Ekspertlər Məclisinin son seçkilərinin keçirilməsi ilə bağlı bildirib: Bu seçkilər ölkənin hər yerində iranlıların ağıllı və bəsirətli iştirakı ilə təhlükəsiz, sağlam və canlı bir atmosferdə keçirildi. Bu mühüm haqq və fürsətdən istifadə edən həmvətənlərimizi və təbii ki, İslam Şurası Məclisinə və Rəhbərlik Ekspertlər Məclisinə seçilmiş üzvləri təbrik etmək lazımdır. Ümid edirik ki, seçilən məmurlar xalqa xidmətdə daha çox uğur qazanacaqlar.

O deyib: Dini demokratiyaya əsaslanan İran İslam Respublikası inqilabın ilk günlərindən seçkilərin keçirilməsini özünün əsas prioriteti edib və indiyədək Qərbi Asiyada bənzəri olmayan 40 uğurlu seçki keçirmişik. Düşmənlərin seçki marağını azaltmaq cəhdlərinə baxmayaraq, bu məsələyə görə uğurlu və müdrikcəsinə hərəkət edən həm hökuməti, həm də milləti təbrik edirik.

Xarici İşlər Nazirliyinin sözçüsü bildirib: Diplomatik aparat adından İslam Şurası Məclisinə seçilmiş insanları təbrik edirəm və milli məqsədlərə nail olmaq üçün sinergik əməkdaşlığa hazır olduğumu bəyan edirəm.


XİN-nin mətbuat katibinin anti-İran bəyanata reaksiyası

Xarici İşlər Nazirliyinin mətbuat katibi Fars körfəzi ölkələri Nazirlər Şurasının son bəyanatına münasibət bildirərək deyib: “Biz həmişə üç ada üzərində suverenliyimizi bəyan etmişik, hər zaman beynəlxalq qanunlara əsaslanaraq bu hüququ vurğulamışıq və Fars Körfəzi Əməkdaşlıq Şurası bu məsələyə münasibət bildirmək səlahiyyətində deyil. Birtərəfli bəyanatların verilməsi İranla bu region ölkələri arasında münasibətlərin müsbət atmosferinə ziyan vurur. İran qonşularından realist yanaşma ilə əsassız bəyanatlardan çəkinmələrini gözləyir.”

İran-İraq təhlükəsizlik sazişinin icrası ilə bağlı Kənani deyib: “Bununla əlaqədar olaraq, iki ölkənin ümumi təhlükəsizliyinin təmin edilməsi məqsədilə tərəflərin iradəsinin nəticəsi olan saziş əhəmiyyətli dərəcədə həyata keçirilmişdir. Razılaşmanın icrası prosesi ilə bağlı iki tərəf arasında birgə təhlükəsizlik komitəsi yaradılıb, iki tərəf arasında məsləhətləşmələr və müzakirələr aparılır və İraq hökuməti bu məsələdə özünü öhdəliyə əməl etməyə borclu hesab edir.”

Mətbuat katibi İran ilə Rusiya arasındakı münasibətlərə də toxunaraq deyib: “Bizim Rusiya ilə müxtəlif sahələrdə geniş əlaqələrimiz var. Amerika rəsmilərinin iddialarını qəti şəkildə rədd edirik və onları əsassız hesab edirik. İran və Rusiya arasında regional hadisələr və Ukrayna müharibəsi ilə bağlı məsələlərdə əməkdaşlıqla aid əsassız iddiaları siyasi yanaşmaya əsaslanan iddialar kimi qiymətləndiririk. İran özünün tanınmış hüquqları əsasında dost ölkələrlə ikitərəfli əməkdaşlığı davam etdirir.

Amerika hərbçisinin Fələstinə dəstək olaraq özünü yandırmasının mesajı

Kənani sionist rejimin müharibə tərəfdarı olmasına qarşı çıxan bir amerikalı zabitin özünü yandırması ilə bağlı deyib: “Dünya bu amerikalı əsgərin hərəkətindən mesaj aldı. Amerikanın bəzi şəhərlərində sionist rejimin müharibə qızışdırmasını və Amerikanın bu rejimə dəstəyini pisləyən böyük izdiham Amerika hökumətinə qarşı yönəlib. Bunlar bütün dünyanın eşitdiyi uca səslərdir və amerikalı siyasətçilərini bunu eşitməməsi ehtimalı azdır. Əgər onlar öz xalqına dəyər verirlərsə, Qəzza müharibəsini dayandırmalı, öz ölkələrinin və dünya xalqlarının səsinə qulaq asmalı, sionist rejimi dəstəkləməkdən əl çəkməlidirlər.”

Arəş meydanı ilə bağlı yeni iddialara reaksiya

Nasir Kənani bəzi Fars körfəzi ölkələrinin Arəş qaz yatağından istifadə hüququ ilə bağlı ortaya atdıqları iddiaya münasibət bildirərək deyib: “Qeyd etməliyəm ki, bununla bağlı beynəlxalq hüquq normalarına əsaslanan prinsipial mövqelərimizi dəfələrlə bəyan etmişik və birtərəfli tələblərin irəli sürülməsi iddiaçı üçün heç bir hüquq yaratmayacaq. Biz Küveyt rəsmiləri ilə texniki və hüquqi danışıqların davam etdirilməsini vurğuladıq.”


Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: “Qonşularla münasibətlərə baxışımız müsbət və konstruktiv atmosfer yaratmağa çalışmaq, ortaq və dostluq məsələlərini vurğulamaqdır. Bu cür məsələlərin birtərəfli bəyanatlarla gündəmə gətirilməsi qəbuledilməzdir.”

Nasir Kənini ölkə Prezidentinin Əlcəzairə səfəri ilə bağlı bildirib: “Cənab Prezidentin səfəri ikitərəfli səfər çərçivəsində və Əlcəzair Prezidentinin rəsmi dəvətinə cavab olaraq həyata keçmişdir. Əlcəzair mühüm İslam və Afrika ölkələrindən biridir və iki tərəf arasında münasibətlər dostluq və qardaşlıq xarakteri daşıyır və müxtəlif sahələrdə əlaqələrin genişlənməsinə əsaslanır. Bölgə məsələləri, Fələstin məsələsi, Qəzzadakı hadisələrlə bağlı ortaq fikirlərimiz var və bu səfər zamanı iki ölkə prezidentləri arasında yaxşı danışıqlar baş tutdu.”

XİN sözçüsü deyib: “Ukrayna böhranı ilə bağlı mövqelərimiz bəllidir. Dəfələrlə demişik ki, müharibə həll yolu deyil və biz Ukrayna böhranının həlli üçün dialoq və siyasi həlli alqışlayırıq. Biz bununla bağlı vasitəçilik etməyə hazırıq və İrana qarşı bəzi əsassız ittihamları rədd edirik və bunları özlərinin Ukraynaya geniş silah ixracı edənlər və müharibəni daha da alovlandıranlar tərəfindən səsləndirilən ittihamlar hesab edirik.”

Kənani qeyd edib ki, sionist rejim böhran yaradan mahiyyətinə əsaslanaraq, bölgədə gərginliyi qızışdırmağa çalışır. Bu rejimin ölkələrə qarşı atdığı hər bir addım regionda təhlükəsizlik və müharibənin yayılması istiqamətində olan bir addımdır. Onun məsuliyyətləri bu rejim və onun tərəfdarlarının, o cümlədən BMT Təhlükəsizlik Şurasında neqativ rol oynamaq və veto hüququndan sui-istifadə etməklə bu şuranın dünya təhlükəsizliyinin təmin edilməsində səmərəsizliyinə səbəb olan Amerikanın öhdəsinədir.

Mətbuat katibi deyib: “Bölgədə xəyali və qondarma koalisiyaların yaradılmasını region üçün əsasən faydalı hesab etmirik, bunların asayişi və təhlükəsizliyi pozduğunu hesab edirik.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .