Cəmkəran məscidinin tarixi
Cəmkəran məscidi İmam Məhdinin (ə) göstərişi ilə və şiə alimlərindən olan Əbul-Həsən tərəfindən hicri IV əsrdə tikilmişdir. Rəvayətlərdə nəql olunur ki, şiə tarixinin görkəmli simalarından olan Həsən ibn Müslih Cəmkərani İmam Mehdi (əc) ilə görüşdə həzrətdən İslama xidmət etmək üçün bir yol göstərməsini istədi. İmam Məhdi (ə) ona bu yerdə məscid tikməyi göstəriş verdi və bu ilahi əmr Cəmkəran məscidinin tikilməsinə əsas oldu. Bu hadisənin dəqiq illəri mənbələrdən asılı olaraq müəyyən dərəcədə dəyişir, amma bəzi tarixçilər bunu hicri-qəməri 373-393-cü illər arasında olduğunu bəyan ediblər.
Cəmkəran məscidi yarandığı gündən bu günə qədər şiə tarixində həmişə xüsusi rol oynamışdır. Tarix boyu müxtəlif hadisələrin şahidi olmuş bu məscid bəzi dövrlərdə dini toplantılar və etiraz aksiyaları üçün də yer olmuşdur. Bəzi rəvayətlərdə deyilir ki, İmam Məhdi (ə) özü Cəmkəran məscidinə gələrək bəzi şiələrə iman və təqvalarını gücləndirmək üçün bəzi tövsiyələr vermişdir.
Cəmkəran məscidi şiə tarixində İmam Məhdi (ə) ilə mənəvi əlaqə nöqtəsi kimi tanınır. Bu məscid təkcə ibadət yeri kimi deyil, həm də şiələrin İmam Məhdi (ə) ilə əlaqəsinin və onun zühurunun intizarının simvolu kimi şiələrin qəlbində xüsusi yer tutur. Bu məsciddə şiələr xüsusi ibadət və dualar etməklə İmam Məhdi (ə) tərəfindən şəfaət olunmaq və o həzrətə yaxın olmaq ardıncadırlar.
Cəmkəran məscidinin memarlıq özəllikləri
Cəmkəran məscid kompleksi hər biri özünəməxsus xüsusiyyətləri olan müxtəlif hissələrdən ibarətdir. Bu kompleksə Məqam məscidi, şəbistanlar, əsas həyət və inzibati binalar daxildir.
Məqam məscidi
“Məqam məscidi” kimi tanınan Cəmkəran məscidinin əsas şəbistan binasının sahəsi təxminən 1100 kvadratmetrdir. Məscidin giriş eyvanı üç girişlə şəbistana aparır və eyvanın ətrafında hündürlüyü 60 metr olan iki minarə var. Şəbistanda səkkiz sütun var, onun üzərində məscidin günbəzi metal konstruksiya ilə dəstəklənir. Günbəzin gövdəsində şəbistanı işıqla təmin edən 23 pəncərə var. Günbəzin xarici səthi firuzəyi kaşı ilə örtülmüşdür və “La ilahə illəllah”, və “Ya Mehdi, ədrikni” cümlələri ilə bəzədilib. Günbəzin daxili səthi də mozaik plitələrlə və kərpiclə bəzədilmişdir. Şəbistanın girişindəki sütunlar, mehrab və eyvan və onu əhatə edən iki minarə də mozaika və müqarna kirəmitləri ilə bəzədilmişdir.
Əsas həyət
Cəmkəran məscidinin altı girişi var, şimal-şərq girişi birbaşa məscidin əsas şəbistanına aparır. Həyətin ətrafında minarələr tikilib və məscidin məsul şəxslərinin sözlərinə görə, gələcəkdə onların sayı 14-ə çatacaq.
Şəbistanlar
Məqam məscidinin hər iki tərəfində hər birinin sahəsi 4000 kvadratmetr olan və iki mərtəbədə tikilmiş iki şəbistan vardır. Bu şəbistan zalların interyeri güzgü işi ilə bəzədilib və hər birində iki simmetrik günbəz var.
Ərizə quyusu
Məscidin çöl həyətində və Məqam məscidi binasının arxasında “Ərizə quyusu” kimi tanınan quyu var. Bəzi şiələr bu quyunun müqəddəsliyinə inanaraq, İmam Zamana (əc) öz ərizə və məktublarını ora atırlar. Lakin bəzi təqlid mərcələri, o cümlədən Ayətullah Xamenei və Ayətullah Məkarim Şirazi məktubun bu quyuya atılmasına qarşı çıxıblar.
Cəmkəran məscidinə aid ibadətlər
Cəmkəran məscidi şiələrin mənəvi və ziyarət mərkəzi kimi tanınmaqla yanaşı, bir sıra xüsusi dua və zikrlərə malikdir, xüsusi olaraq İmam Məhdiyə (əc) nisbət verilmişdir. Bu namazlardan biri “İmam Zaman namazı”dır. Bu namaz Allahdan İmam Məhdinin (ə) şəfaətçi olmasını istəmək və onunla əlaqəni gücləndirmək üçün qılınır. Həmçinin məscidə daxil olmaq və bu müqəddəs yerə hörmət etmək üçün xüsusi olaraq oxunan təhiyyət namazı da bu məsciddə başqa bir xüsusi ibadətdir.
Məscidə təhiyyət namazı
İmam Zaman (əc) bir hədisdə Həsən ibn Müslihə buyurur ki, zəvvarlar Cəmkəran məscidində dörd rükət namaz qılsınlar. İlk iki rəkət məscidə hörmət üçündür. Hər rükətdə bir dəfə Həmd, yeddi dəfə İxlas surəsi oxunur. Rüku və səcdə zikri də yeddi dəfə təkrar edilir. Bu namaz yalnız məscidin özündə və İmam Zamanın (əc) müqəddəs məkanında səhihdir və onu məscidin həyətində və ya ondan kənarda oxumaq olmaz.
İmam Zaman (əc) namazı
Digər iki rükət isə İmam Zaman namazı niyyəti ilə oxunur. Bu namazda Həmdi “İyyakə nəbudu və iyyakə nəstəin”ə kimi oxuduqdan sonra bu ayə yüz dəfə təkrar oxunur. Sonra Həmd davam etdirilir və İxlas surəsi də bir dəfə oxunur. Rüku və səcdələrin zikri də yeddi dəfə təkrar olunur. Namazın sonunda bir dəfə la ilahə illəllah deyilir və həzrət Zəhra təsbihi yerinə yetirilir. Bundan sonra yüz dəfə Peyğəmbər (ə) və onun Əhli-beytinə yüz dəfə salavat göndərilir.
Bu namazların fəziləti
İmam Zaman (əccələllahu təala fərəcuhuş-şərif) buyurur ki, kim bu namazları Cəmkəran məscidində qılarsa, Allah evində (Kəbədə) namaz qılan kimidir.
Çərşənbə axşamları məscidi ziyarət etmək
Çərşənbə axşamları Cəmkəran məscidini ziyarət etmək şiələrin ən mühüm dini və mənəvi əməllərindən hesab olunur. Rəvayətlərə görə, İmam Məhdi (ə) Həsən ibn Müslih Cəmkərəniyə buyurmuşdur ki, insanlar xüsusilə çərşənbə axşamları bu müqəddəs yerə gəlib hacətlərini istəsinlər. Bu axşamlar İmam Məhdi (ə) ilə əlaqəni gücləndirmək, xüsusi dualar və zikrlər etmək üçün əsas vaxtlar kimi tanınır. Ona görə də bu axşamların böyük əhəmiyyəti var, əsasən, şiələr arasında bu axşamlar Cəmkəran məscidini ziyarət etmək tövsiyə olunur.
Çərşənbə axşamlarında Cəmkərən məscidini ziyarət etməyin ədəb və qaydaları
Çərşənbə axşamları Cəmkəran məscidini ziyarət etməyin özünə məxsus ədəb və qaydaları vardır ki, şiələrin xüsusi diqqətlə bu ayinləri yerinə yetirirlər. Bu ziyarətin əsas ayinlərindən biri də dəstəmazlı halda məscidə girmək və məscidin təhiyyət namazını qılmaqdır. Sonra bu axşamlarda xüsusi əhəmiyyət kəsb edən Nüdbə duası, Təvəssül duası kimi dualar oxunur. Bəzi zəvvarlar bu axşamlarda İmam Məhdini (ə) şəfaətçi qərar vermək, şəxsi və ya ictimai müşküllərinin Allah tərəfindən həll olması niyyəti ilə Cəmkəran məscidinə gəlirlər.
Çərşənbə axşamlarında ziyarətin mənəvi təsiri
Çərşənbə axşamları Cəmkəran məscidini ziyarət etməyin zəvvarlar üçün böyük mənəvi təsiri var. Bir çox şiələr inanırlar ki, bu axşamlarda ilahi rəhmət qapıları, xüsusən də İmam Məhdini (ə) vasitə qərar verərək dua etmək üçün açılır. Ona görə də bu məscidi ziyarət etmək təkcə fərdi ibadət kimi deyil, həm də İmam Məhdiyə (ə) yaxın olmaq və ondan xüsusi bərəkət almaq fürsəti hesab olunur. Şiə nöqteyi-nəzərindən çərşənbə axşamları bu məscidi ziyarət etmək imanın güclənməsinə, İmam Məhdinin (ə) zühuruna ümidin artmasına və şəxsi müşküllərin həll olmasına səbəb olur.
Sizin rəyiniz