Xarici İşlər naziri Seyid Abbas Əraqçi bazar ertəsi, 24 fevralda İnsan Haqları Şurasının 58-ci iclasında İran xalqı adından bu sessiyada iştirakdan məmnunluğunu ifadə edərək deyib: “İran İslam Respublikası Birləşmiş Millətlər Təşkilatının qurucu dövlətlərindən biri kimi hər zaman insan ləyaqətinə, bərabərlik və ədalətə ən yüksək səviyyədə hörmət edib.”
Əraqçi İran İslam Respublikasının insan haqlarına suverenlik və mədəni müxtəlifliyə hörmət prizmasından baxmaq lazım olduğuna inandığına işarə edərək deyib: “İnsan hüquqları universal anlayış ola bilər, lakin onların təfsiri və həyata keçirilməsi hər bir ölkənin dini, tarixi, mədəni və sosial kontekstinə uyğun olmalıdır.”
İran xalqının onilliklər ərzində ciddi problemlərlə, o cümlədən ədalətsiz iqtisadi sanksiyalar və terrorizmlə üzləşdiyini, bunun sosial və iqtisadi hüquqlarına çoxlu dağıdıcı təsir göstərdiyini bildirən XİN rəhbəri belə izah edib: “Bu problemlərə baxmayaraq, İran İslam prinsiplərinə və insan ləyaqətinə sadiq qalaraq, təhsil, səhiyyə, qadın hüquqlarının vəziyyətinin yaxşılaşdırılması, sənaye və iqtisadi inkişaf da daxil olmaqla mühüm nailiyyətlər əldə edib.”
Əraqçi qlobal səviyyədə insan hüquqlarının həyata keçirilməsinə ən böyük maneələrdən birini birtərəfli məcburi tədbirlərə əl atmaq hesab edərək deyib: “Bu hərəkətlər sadə insanlara dağıdıcı təsir göstərir. O, həssas qruplara, o cümlədən qadınlara, uşaqlara, qocalara və əlillərə amansızcasına təsir göstərir. İran İslam Respublikası uzun müddətdir ki, bu cür yanlış siyasətlərin qurbanına çevrilib. Bəzi hökumətlərin bu tədbirlərə əl atması dərman və sağlam ətraf mühit kimi əsas ehtiyaclara çıxışı məhdudlaşdırıb. Biz təkcə İran xalqının fundamental insan haqlarını pozan deyil, həm də milyonlarla günahsız insanın iztirablarına səbəb olan bütün birtərəfli sanksiyaların dərhal ləğvini tələb edirik.”
İranın diplomatik xidmətinin rəhbəri vurğulayıb: “Fələstin xalqının iztirablarını qeyd etmədən, İsrail rejiminin cinayətlərini pisləmədən insan haqlarından danışmaq olmaz. İran İslam Respublikası Qəzzədə işğalçı rejimin törətdiyi soyqırımı qətiyyətlə pisləyir. Fələstin xalqı soyqırımdan, sistematik zorakılıqdan, işğaldan, insanlığa hörmətsizlikdən və yaşamaq hüququnun pozulmasından əziyyət çəkməkdə davam edir. İsrail rejiminin amansız hərbi əməliyyatları insanlıq üçün ağlasığmaz iztirablara səbəb olub. Qadın və uşaq da daxil olmaqla minlərlə dinc sakini öldürüb, şəhərləri tamamilə yerlə-yeksan edib. Bu, beynəlxalq hüququn, o cümlədən Cenevrə konvensiyalarının açıq şəkildə pozulması və fələstinlilərin yaşamaq, azadlıq və öz müqəddəratını təyinetmə hüququnun pozulmasıdır.”
Sizin rəyiniz