12 avqust 2023 at 18:27
Jurnalist kodu: 5487
Xəbər kodu: 85196876
T T
0 Persons

Tags

Azərbaycan Ermənistanın son açıqlamasına cavab verdi

12 avqust 2023 at 18:27
Xəbər kodu: 85196876
Azərbaycan Ermənistanın son açıqlamasına cavab verdi

Tehran - İRNA - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bəyanat yayaraq Ermənistan Baş nazirinin Qarabağ bölgəsində yaşayan ermənilərlə bağlı son açıqlamasına münasibət bildirib.

İRNA-nın şənbə günü verdiyi məlumata görə, dünən Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağın mərkəzindəki Xankəndi şəhəri və ətraf rayonlarda yaşayan ermənilərin gərgin humanitar böhran vəziyyətinə toxunaraq bildirib ki, Azərbaycan Respublikası Laçın-Xankəndi yolunda humanitar yardımın daşınmasının qarşısını alıb və bölgənin erməni sakinlərinə qarşı etnik təmizləmə aparır.

Paşinyan Ermənistanın öz növbəsində Azərbaycan ilə sülh planına sadiq olduğunu bəyan edərək, Bakıdan Qarabağın mərkəzində yaşayan ermənilərlə beynəlxalq mexanizm çərçivəsində birbaşa dialoqa getməyi və Qarabağ ermənilərinin Ermənistan ərazisinə sərbəst hərəkətini təmin etmək üçün Laçın keçidinin bloklanmasına son qoymasını istəyib.

“AZƏRTAC” xəbər verir ki, Azərbaycan XİN bəyanat yayaraq bildirib: “Azərbaycanın 20 faizə yaxın torpaqlarının işğalı nəticəsində azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmiş, nəinki bu torpaqlardan Ermənistan ərazisindən də azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirmiş bir ölkənin rəhbərinin etnik təmizləmə iddiaları səsləndirməsinə mənəvi haqqı yoxdur.”

Diplomatik qurumun bəyanatında deyilir: “Ermənistanın bu iddiaları davamlı olaraq təkrarlaması göstərir ki, Laçın sərhəd-buraxılış məntəqəsi təsis edilənədək Ermənistanın Laçın yolundan istifadə etməklə həyata keçirdiyi qeyri-qanuni fəaliyyətin məntəqə təsis edildikdən sonra qarşısının alınması bu ölkəni narahat edir.”

Bəyanatda vurğulanır: “Erməni sakinlərin həqiqətən də iddia olunduğu kimi gündəlik tələbat mallarına ehtiyacları varsa, bunun üçün Azərbaycanın təklif etdiyi və beynəlxalq tərəfdaşların dəstəklədiyi Ağdam-Xankəndi yolundan istifadə edilməsi mümkündür.”

Bəyanatın sonunda qeyd olunur ki, Ermənistan tərəfi, əsassız şəkildə “humanitar böhran” barədə iddialar yaymaq və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı təxribatlar törətmək əvəzinə, bölgədə sülh və sabitlik istiqamətində səy göstərməlidir.

İRNA-nın məlumatına görə, son günlərdə BMT-nin xüsusi məruzəçiləri və bu qurumun İnsan Hüquqları Şurasının müstəqil ekspertlərindən biri Azərbaycan Respublikası ordusunun Qarabağın mərkəzi Xankəndidən Ermənistan ərazisinə doğru gedən Laçın dəhlizinin qarşısını kəsərək bu ərazidə yaşayan erməniləri blokadaya saldığını elan edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan da bildirib ki, iyulun 26-da Ermənistan hökuməti Qarabağa humanitar yardım göndərilməsi barədə qərar qəbul etdi, lakin 360 tondan çox ərzaq və dərman yardımı daşıyan 19 yük maşını Laçın dəhlizi yaxınlığındakı kənddə qeyri-müəyyən vəziyyətdə qalıb və Bakı hökuməti Qarabağın mərkəzinə yardım göndərilməsinin qarşısını alıb.

Ermənistanın Baş naziri qeyd edib ki, humanitar yardım karvanının hərəkətinin qarşısının alınması Azərbaycanın Qarabağ ermənilərinə qarşı soyqırım törətmək istəməsi ilə bağlı narahatlığı daha da artırır.

Ermənistan, Rusiya və bəzi Qərb ölkələri, o cümlədən Fransa, Amerika və Avstriya Azərbaycandan Laçın-Xankəndi dəhlizinin açılmasını və Qarabağda yaşayan erməni əhalinin mühasirəsinə son qoyulmasını istəsə də, Azərbaycan hələ də bu tələblərə aydın cavab verməyib. Bu məsələ, son aylar ərzində Bakı ilə İrəvan arasında sülh danışıqlarına ciddi maneələrdən biri olub.

Bundan əvvəl Ermənistan hökuməti rəsmi Bakının “sərhəd rayonlarında münaqişələr yaratmaq, Qarabağın mərkəzində erməni əhalisini mühasirəyə almaq və Qarabağın idarə olunmasının qeyri-müəyyənliyi səbəbindən humanitar böhranın yaranması” hərəkətlərini, iki ölkə arasında sülh danışıqlarının çıxılmaz vəziyyətə düşməsi və dayandırmasının əsas səbəbi adlandırmışdı.

Sizin rəyiniz

You are replying to: .