İRNA-nın məlumatına görə, Rusiya Federasiyasının Tehrandakı səfirliyi bu gün (bazar ertəsi) Şirazdakı Şahçıraq ziyarətgahında dünən gecə baş vermiş terror aktına münasibət bildirib.
Moskva səfirliyi Şirazda günahsız insanlara qarşı törədilən terror aktını pisləyərək, bu terror aktı nəticəsində bir neçə iranlının şəhid olması və yaralanması ilə bağlı İran hökuməti və xalqına başsağlığı verib, həlak olanların ailələri ilə həmdərdlik və həmrəylik ifadə edib.
“Sputnik”-in məlumatına görə, səfirliyin bəyanatında bildirilir:
“Rusiya səfirliyi Şirazda terror aktını törədənlərin öz cəzasına çatacağına ümid edir. Moskva həmçinin terrorizmlə mübarizədə Tehranla əməkdaşlığı daha da gücləndirməyə hazırdır.”
Dünən (13 avqust) axşam saatlarında döyüş silahı ilə silahlanmış terrorçu 300-ə yaxın güllə ilə Şirazda Şahçıraq ziyarətgahının qarşısında atəş açmağa başlayıb. Bu cinayətkar hücumda bir nəfər şəhid olub, 8 nəfər yaralanıb. Terror aktını törədən şəxs təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Yaralılar Şiraz xəstəxanalarına çatdırılıb və onların müalicələri davam etdirilir.
Ötən il oktyabrın 26-da Şahçıraq ziyarətgahında törədilmiş oxşar terror aktı nəticəsində 13 nəfər şəhid olmuş, 25 nəfər yaralanmışdı. Bu terror aktını törədənlər cari il iyulunda edam edildilər.
Sizin rəyiniz