Ayətullah Rəisi: İran və Hindistanın sivilizasiya tarixi iki ölkə arasında əməkdaşlığın inkişafı üçün çox yaxşı əsasdır

Tehran – İRNA – Prezident İran və Hindistanın sivilizasiya və tarixi keçmişini Tehran və Yeni Dehli arasında ikitərəfli, regional və beynəlxalq səviyyədə əməkdaşlığın inkişafı üçün çox yaxşı əsas hesab edib.

İRNA-nın məlumatına görə, Hindistanın baş naziri Narendra Modi cümə günü axşam prezident doktor Seyid İbrahim Rəisi ilə telefon danışığında Həzrət Şahçıraq (ə) hərəminə edilən terror hücumunu pisləyərək, İran hökuməti, xalqı və bu cinayətin qurbanlarının ailələrinin qəminə şərik olduğunu ifadə edib.

Hindistanın baş naziri həmçinin İran İslam Respublikası ilə Hindistan arasında ikitərəfli və uzunmüddətli əməkdaşlıq prosesindən məmnunluğunu ifadə edərək, birgə layihə olan Çabahar limanını və onun regional nəqliyyat mərkəzinə çevrilməsi və inkişafını regionun çiçəklənməsi üçün bir fürsət kimi qiymətləndirib. O, bu layihəni başa çatdırmaq üçün iki ölkə arasında əməkdaşlıq sənədini yekunlaşdırmağa hazır olduğunu vurğuladı.

Prezident doktor Seyid İbrahim Rəisi də Hindistanın baş nazirinə Həzrət Şahçıraq (ə) hərəminə terror hücumu ilə bağlı başsağlığı verməsinə görə təşəkkür edib və deyib: İİR regional inteqrasiyanı gücləndirmək və iqtisadi əlaqələri inkişaf etdirmək istəyir və bu məqsədlə bütün dünya ölkələri, xüsusilə Asiya ölkələri ilə qarşılıqlı əlaqə qurmağa çalışır.

Prezident Hindistanla qarşılıqlı əlaqələrin, xüsusilə tranzit, enerji və regional təhlükəsizlik sahələrində inkişaf etdirilməsini vacib sayaraq, Şimal-Cənub dəhlizi də daxil olmaqla, nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsini, Çabahar limanı obyektlərinin istismara verilməsinin sürətləndirilməsini istəyib.

Doktor Rəisi həmçinin iki ölkənin sivilizasiya və tarixi keçmişini Tehran-Yeni Dehli əməkdaşlığının ikitərəfli, regional və beynəlxalq səviyyədə inkişafı üçün çox yaxşı əsas hesab edib.

Sizin rəyiniz

You are replying to: .