Azərbaycan: Ermənistan təcili yardım maşınları ilə bölgəyə silah və texnika yerləşdirir

Tehran - İRNA - Azərbaycan Respublikası şənbə günü Ermənistanın təcili yardım maşınlarından istifadə edərək Qarabağ bölgəsində qanunsuz hərbi daşımalar həyata keçirdiyini açıqlayıb.

İRNA-nın məlumatına görə, Azərbaycan Respublikası MN bəyanat yayaraq bildirib ki, Ermənistan silahlı qüvvələri təcili yardım maşınından istifadə etməklə Xankəndi yolunda döyüş mövqelərini möhkəmləndirir və həmin əraziyə hərbi texnika yerləşdirirlər.

Bu barədə Azərbaycan Respublikası MN-nin məlumatında deyilir:

“Texniki müşahidə vasitələrilə əldə edilən görüntülərdə qanunsuz daşımaların həyata keçirilməsi üçün içərisi silah, döyüş sursatı, eləcə də piyada və tank əleyhinə minalarla dolu təcili tibbi yardım maşınının da kolonda hərəkəti qeydə alınıb.”

Bəyanatda qeyd olunur ki, ermənilərin bundan əvvəl hava məkanımızdan keçən mülki təyyarələrin uçuşlarının təhlükəsizliyinə ciddi təhdid yaradan REM vasitələri quraşdırmaqda təcili tibbi yardım maşınlarından hərbi məqsədlər üçün istifadə etdiyi də tərəfimizdən qeydə alınmışdı.

Azərbaycan ilə Ermənistan arasında münasibətlər 1991-ci ildən gərgindir. 2020-ci ilin payızında Azərbaycan 44 günlük münaqişə nəticəsində bir neçə şəhər, kənd və qəsəbəni erməni işğalından azad etdi. Müharibə Rusiyanın vasitəçiliyi və sülh müqaviləsi ilə başa çatdı.

Uzunmüddətli sülh sazişi üzrə danışıqların davam etməsinə baxmayaraq, son aylar Ermənistanı Qarabağ bölgəsinə birləşdirən yeganə quru yolu olan Laçın dəhlizi ilə bağlı iki ölkə arasında gərginlik artıb.

Ermənistan ilə Azərbaycan arasında həllini tapmayan ən mühüm məsələlərdən biri də Bakının bağladığı və ya sərt keçid məntəqələri tətbiq etdiyi mühüm Laçın dəhlizi ilə bağlıdır. Bu yol Qarabağ bölgəsini Ermənistanla birləşdirir. Ermənistan dəfələrlə bəyan edib ki, Bakı Qarabağ bölgəsi erməniləri üçün humanitar yük karvanının keçməsinə icazə vermir.

Digər bir hadisə isə budur ki, Çin və Fransanın xarici işlər nazirləri telefon danışığında Qarabağdakı son vəziyyəti, o cümlədən mühüm “Laçın” dəhlizini dəyərləndiriblər.

Şənbə günü Fransanın Xarici İşlər naziri Ketrin Kolonna çinli həmkarı Vanq Yi ilə Qarabağdakı vəziyyəti müzakirə edib.

Bu barədə Fransa XİN-nin bəyanatında deyilir: “Kolonna və Çinin Xarici İşlər naziri Dağlıq Qarabağ, Ukrayna və Nigerin vəziyyətini, ikitərəfli və çoxtərəfli əməkdaşlıqla bağlı digər məsələləri müzakirə ediblər. Fransanın Xarici İşlər naziri Laçın dəhlizi ilə sərbəst hərəkətin bərpasına, Qarabağ əhalisinin təbii qaz və elektrik enerjisi ilə fasiləsiz təmin edilməsinə çağırışını bir daha bəyan edib.”

Sizin rəyiniz

You are replying to: .