İRNA-nın məlumatına görə, “Armen Press” xəbər agentliyi bu barədə yazıb ki, Paşinyan Yerevanda keçirilən “Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr” nazirlərinin görüşünün açılış nitqində deyib: “İki ölkə arasında sülhün bərqərar olmasının üç əsas prinsipi var.
Birincisi, nəqliyyat xətlərinin açılması ilə bağlı razılaşmalar ölkələrin suverenliyi, yurisdiksiyası, bərabərliyi və qarşılıqlı fəaliyyət prinsipinə əsaslanmalıdır.
İkincisi, Ermənistan və Azərbaycan Ermənistanın 29,8 min kvadrat kilometr ərazisi və Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tam şəkildə tanımalıdır.
Üçüncü prinsipə əsasən, Ermənistan və Azərbaycan sərhədlərin delimitasiyası üçün siyasi əsas kimi 1991-ci il Alma-Ata Bəyannaməsinə qeyd-şərtsiz sadiqliklərini bir daha bəyan etməlidirlər.”
O, bu prinsiplərin Brüsseldə Azərbaycan Respublikasının Prezidenti ilə danışıqlar zamanı əldə olunduğunu qeyd edib.
Paşinyan deyib: “Əgər Azərbaycan Respublikası əvvəlki razılaşmalardan əl çəkməsə, yaxın gələcəkdə onunla sülh müqaviləsi imzalamaq çox real olacaq.”
Ermənistanın Baş naziri onu da vurğulayıb ki, bütün kommunikasiya marşrutları onlardan keçən ölkələrin hakimiyyəti və yurisdiksiyasında olmalıdır.
Paşinyan bildirib: “Hər bir ölkə öz dövlət qurumları vasitəsilə sərhəd nəzarətinə, gömrük nəzarətinə və bütün infrastrukturun təhlükəsizliyinə, o cümlədən vətəndaşların, malların və nəqliyyat vasitələrinin keçidinə zəmanət verir.”
Sizin rəyiniz