İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) səhər saatlarında Ermənistanın Baş naziri Nikol Paşinyan və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə İran İslam Respublikasının qəti və sabit siyasətini qonşuları, xüsusən də Ermənistanla əlaqələrin genişləndirilməsi hesab edərək vurğulayıb: “Biz Ermənistanla münasibətlərin inkişafına çox inanırıq. İki ölkə arasında əməkdaşlıq müəyyən maraqlar əsasında və başqalarının siyasətindən asılı olmayaraq güclü şəkildə davam edəcəkdir.”
İslam İnqilabının Ali Rəhbəri cənab Pezeşkiyanın andiçmə mərasimində, eləcə də şəhid Rəisinin dəfn mərasimində iştirakına görə cənab Paşinyana təşəkkür edib və Ermənistanın ərazi bütövlüyünün qorunub saxlanmasını vurğularaq deyib: “İran İslam Respublikası Zəngəzur yolunu Ermənistanın ziyanına hesab edir və bu mövqeyində qalmaqda davam edir.”
Həzrət Ayətullah Xamenei əcnəbilərin ölkələrin qonşuları ilə münasibətlərində məhdudiyyətlər yaratmamalı olduğunu qeyd edərək deyib: “Ölkələrin təhlükəsizliyini və rifahını təmin edən məsələ insanın özünə və yaxınlarına güvənməsidir. Uzaqdan gəlib başqa dövlətlərin işinə qarışan bəzilərinin əməlləri sonda onlara ziyan vurur.”
Ali Məqamlı Rəhbər həmçinin İran xalqı ilə ölkə erməniləri arasında yaxşı münasibətlərə işarə edərək bildirib: “Tətbiq olunan müharibə zamanı İran ermənilərinin böyük rolu olub və mən şəxsən bir çox erməninin evində olmuşam.”
Həzrət Ayətullah Xamenei həzrət Məsihə (ə) hörməti müsəlmanlar arasında qəti məsələ hesab edərək deyib: “Fikrimizcə, ilahi dinlərin böyüklərinə, o cümlədən həzrət Məsihə (ə) edilən bu təhqirlər pislənir.”
Ermənistanın Baş naziri Nikol Paşinyan iki ölkə arasında münasibətlərin genişlənməsindən məmnunluğunu ifadə edib, Prezident Pezeşkiyanla danışıqlarını konstruktiv və müsbət adlandıraraq deyib: “Ermənistan dəfələrlə bəyan edib ki, ölkə daxilində heç bir transregional marşrutu qəbul etmir.”
Paşinyan İran və Ermənistan arasındakı münasibətləri strateji adlandırıb, iki ölkə arasında əlaqələrin genişlənməsi və şaxələndirilməsindən məmnunluğunu ifadə edib və bu prosesin davam etdirilməsini vacib qiymətləndirib.
Sizin rəyiniz