Seyid Abbas Əraqçı dünya ölkələrindəki həmkarlarına məktub ünvanlayaraq, sionist rejimin Qəzzə və Livanın müdafiəsiz xalqına qarşı təcavüz və cinayətlərinin davam etməsinə və bu səbəbdən çoxlu sayda günahsız insanın şəhid olmasına, yaralanmasına və didərgin düşməsinə, yaşayış və ictimai yerlərin geniş şəkildə dağıdılmasına, beynəlxalq əməkdaşların və yardım işçilərinin öldürülməsinə işarə etməklə yanaşı, bu rejimin cinayət əməllərini regional və beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid, müharibə cinayətinin, insanlığa qarşı cinayətin və soyqırımın bariz nümunəsi kimi qiymətləndirib.
Ölkəmizin Xarici İşlər naziri məktubunda bildirib: “İsrail rejiminin hüdudsuz toxunulmazlığı onun, xüsusilə Amerikanın bunker qırıcı bombalarından istifadə edərək yaşayış məntəqələrinə geniş hava hücumları vasitəsilə təcavüzkarlığının və Livana qarşı ağır hücumlarının genişlənməsinə səbəb olub, Təhlükəsizlik Şurasının öz vəzifələrini yerinə yetirməməsi bu rejimin müharibə qızışdıran başçılarını öz davamlı cinayətlərini davam etdirməkdə daha cürətləndirib.”
Əraqçı bu məktubda İran İslam Respublikası Silahlı Qüvvələrinin beynəlxalq hüquqa və BMT-nin Nizamnaməsinə uyğun olaraq, həmçinin Qəzzədə atəşkəs imkanının yaratmaq üçün uzun müddət təmkin göstərdikdən sonra nəhayət, sionist rejimin hərbi obyektləri və texnikasını hədəfə almaqla bağlı öz təbii qanuni müdafiə hüququnun həyata keçirilməsinə uyğun addımlarının səbəblərini izah edib, bu addımı İranın beynəlxalq sülh və təhlükəsizliyə məsuliyyətli yanaşmasının göstəricisi kimi qiymətləndirib.
Diplomatik qurumun rəhbəri məktubunun sonunda sionist rejimin təcavüz və cinayətlərinin dayandırılması üçün kollektiv diplomatik səylərin zəruriliyini vurğulayıb, beynəlxalq ictimaiyyətin üzvlərini Qəzzə və Livanda hücumların, partlayışların və günahsız insanların öldürülməsinin dayandırılması üçün təcili və qəti tədbirlər görməyə, habelə ağır humanitar vəziyyətlə dərhal məşğul olmağa, atəşkəsə nail olmaq və humanitar yardımın asanlaşdırılmasına səy göstərməyə çağırıb.
Bundan əlavə, ölkəmizin Xarici İşlər naziri BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Filippo Qrandiyə və Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbəri Miriana Spoliarikə ayrı-ayrı məktublar göndərərək, Qəzzə və Livanda humanitar vəziyyətin pisləşməsindən dərin narahatlığını ifadə edib və vurğulayıb: “İsrail rejiminin hücumları təkcə insanlara, məkanlara və mülki infrastruktura deyil, həm də bütün humanitar prinsiplərə zərbə vurub.”
Əraqçı məktubunda bildirib: “Beynəlxalq humanitar təşkilatlar, o cümlədən beynəlxalq humanitar hüququn qoruyucusu kimi Beynəlxalq Qızıl Xaç Komitəsindən və qaçqınların himayəçisi kimi Qaçqınlar üzrə Ali Komissarlıqdan gözlənti budur ki, Qərbi Asiya bölgəsindəki humanitar böhrana qarşı təsirli, dərhal, mənalı və mütənasib tədbirlər görsün, beynəlxalq yardımı səfərbər etmək və İsrail rejiminin müharibə qızışdırmasından zərər çəkmiş bölgələrə göndərilməsi qarşısındakı maneələri aradan qaldırsın.”
Ölkəmizin baş diplomatı İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hüseyn İbrahim Tahaya da məktub ünvanlayıb, onunla Nyu-Yorkda bu yaxınlarda keçirdiyi görüşə və sionist rejimin cinayətlərinin davamı və genişlənməsinə, sionist rejimin yaşayış məntəqələrinə qarşı geniş hava hücumları səbəbindən Qəzzə və Livanda humanitar vəziyyətin pisləşməsinə toxunaraq, bu məsələ ilə məşğul olmaq, Qəzzə və Livanın günahsız xalqına kömək etmək üçün əməli həll yolu tapmaq məqsədilə İslam Əməkdaşlıq Təşkilatı başçılarının təcili toplantısını təşkil etməyə çağırıb.
Sizin rəyiniz