23 oktyabr 2024 at 23:48
Jurnalist kodu: 5561
Xəbər kodu: 85637647
T T
0 Persons
BRİKS liderləri Təl-Əvivin İranın Suriyadakı səfirliyinə hücumunu pislədi - Qəzzə müharibəsində atəşkəs vurğulandı

Tehran - İRNA - BRİKS-ə üzv ölkələrin liderləri İsrail rejiminin İranın Suriyadakı səfirliyinə hücumunu pisləyib və Qəzzədə “dərhal, hərtərəfli və daimi atəşkəs”in zəruriliyini vurğulayıblar.

Rusiyanın Kazan şəhərində BRİKS-in 16-cı zirvə toplantısına toplaşan ölkələrinin liderləri “İsrailin 1 aprel 2024-cü ildə Suriyanın paytaxtı Dəməşqdə İran İslam Respublikasının diplomatik obyektlərinə hücumunu” pisləyən bəyanatla çıxış ediblər. 

Sözügedən bəyanatda vurğulanıb ki, işğalçı rejimin bu hərəkəti “Diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasına əsasən diplomatik və konsulluq yerlərinin toxunulmazlığı və 1963-cü il Konsulluq Münasibətləri haqqında Vyana Konvensiyasının fundamental prinsipinin pozulmasıdır.”

BRİKS liderləri sionist rejimin cinayətlərinin ardınca “işğal olunmuş Fələstin ərazilərində vəziyyətin pisləşməsi və humanitar böhrandan, xüsusilə Qəzzə zolağı və İordan çayının qərb sahilində misli görünməmiş zorakılıqların artmasından” dərin narahat olduqlarını bildiriblər, “Qəzzə zolağında dərhal, hərtərəfli və daimi atəşkəs əldə etməyə, hər iki tərəfdən bütün girov (əsir) və məhbusların dərhal və qeyd-şərtsiz azad edilməsinə” çağırıblar.

BRİKS-ə üzv ölkələr “beynəlxalq hüquqa əsaslanan iki dövlətli həll yoluna sarsılmaz sadiqlik çərçivəsində Fələstin dövlətinin Birləşmiş Millətlər Təşkilatına tam üzvlüyünü dəstəklədiklərini” bəyan ediblər.

BRİKS sammitinin yekun bəyanatında da qeyd olunur: “Biz Livanın cənubundakı vəziyyətdən narahatıq. Biz İsrailin Livandakı yaşayış məntəqələrinə hücumları nəticəsində mülki əhalini öldürməsini və mülki infrastruktura böyük ziyan vurmasını pisləyirik və hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edirik.”

BRİKS üzvləri həmçinin sionist rejimin Beyrutda rabitə vasitələrinin partladılması, insan tələfatı və onlarla mülki şəxsin yaralanması ilə nəticələnən “əvvəlcədən planlaşdırılan terror aktını” pisləyərək, vurğulayıblar ki, “bu hücumlar beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır.”

BRİKS-ə üzv ölkələr ABŞ-ın birtərəfli qaydada çıxdığı İranın nüvə proqramı ilə bağlı “Birgə Hərtərəfli Fəaliyyət Planı”nın (JCPOA) bərpa edilməsinə çağırış ediblər.

BRİKS liderləri həmçinin “beynəlxalq maliyyə strukturunu daha əhatəli və ədalətli etmək üçün qlobal maliyyə problemləri ilə, o cümlədən qlobal iqtisadi idarəetmə ilə üzləşmək məqsədilə mövcud beynəlxalq maliyyə strukturunda islahatların aparılmasının zəruriliyini” vurğulayıblar.

Sizin rəyiniz

You are replying to: .