19 fevral 2025 at 18:45
Jurnalist kodu: 5564
Xəbər kodu: 85756408
T T
0 Persons
Ayətullah Xamenei: İrana olan borcun qaytarılması üçün Qətərin addım atmasını gözləyirik

İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei bu gün Qətər Əmiri Şeyx Təmim bin Həməd bin Xəlifə Ali-Sani və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə qonşularla əlaqələrin genişləndirilməsinin İslam Respublikasının qəti siyasəti olduğunu vurğulayaraq deyib: “Cənab Pezeşkiyanın hökumətinin bəyan etdiyi siyasətlərdən biri də qonşularla əlaqələri genişləndirməkdir. Allahın lütfü ilə bu sahədə yaxşı işlər görülüb, irəliləyiş əldə olunub. Hörmətli Xarici İşlər naziri cənab Əraqçi bu sahədə çox fəaldır.”

İslam İnqilabının Ali Rəhbəri Tehranda əldə olunan razılaşmaların hər iki ölkəyə xeyirli olacağına və hər iki tərəfə öz qonşuluq vəzifəsini əvvəlkindən də artıq yerinə yetirməyə imkan verəcəyinə ümidvarlıq ifadə edib.

Həzrət Ayətullah Xamenei bu görüşdə Qətər Əmirinin regional məsələlərlə bağlı açıqlamalarına da toxunaraq əlavə edib: “Biz Qətəri dost və qardaş ölkə hesab edirik. Baxmayaraq ki, Cənubi Koreyadan Qətərə ötürülən İran aktivlərinin geri qaytarılması kimi hələ də həll olunmamış və qeyri-müəyyən məsələlər var. Bilirik ki, bununla bağlı əldə olunan razılaşmanın həyata keçirilməsinə əsas maneə Amerikadır.”

“Qətərin yerində olsaydıq, Amerikanın təzyiqlərinə məhəl qoymaz və qarşı tərəfin tələblərini geri qaytarardıq. Qətərdən belə bir addım gözləyirik” - deyə, Ali Məqamlı Rəhbər bildirib.

İslam İnqilabının Ali Rəhbəri vurğulayıb: “Amerika prezidentləri arasında heç bir fərq yoxdur.”

Prezident Pezeşkiyanın da iştirak etdiyi bu görüşdə Qətər Əmiri Şeyx Təmim bin Həməd bin Xəlifə Ali-Sani İslam İnqilabının Ali Rəhbəri ilə görüşdən məmnunluğunu ifadə edərək, İslam Respublikasının dünyanın məzlum xalqlarına və Fələstin xalqına dəstək verməkdə tutduğu mövqeləri yüksək qiymətləndirib və İslam İnqilabının Ali Rəhbərinə müraciət edərək deyib: “Sizin Fələstin xalqının yanında dayanmağınız heç vaxt unudulmayacaq.”

Qətər Əmiri regiondakı spesifik və çətin vəziyyətə toxunaraq, bu vəziyyəti yaxşılaşdırmaq üçün region ölkələri arasında daha geniş əməkdaşlığın tələb olunduğunu bildirib.

Şeyx Təmim bin Həməd bin Xəlifə Ali-Sani həmçinin İran və Qətər arasında əldə olunan razılaşmalara, o cümlədən iki ölkə arasında sualtı tunelin tikintisinə toxunaraq deyib: “Əldə olunan razılaşma əsasında iki ölkə arasında birgə komissiya yaxın vaxtlarda fəaliyyətə başlayacaq və yaxın gələcəkdə iqtisadi mübadilələrin həcmi artacaq.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .