İRNA-nın Yol və Şəhərsalma Nazirliyindən verdiyi məlumatına görə, İran yol və şəhərsalma naziri və İran-Azərbaycan Respublikası Müştərək İqtisadi Komissiyasının sədri Mehrdad Bəzrpaş Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevlə telefon danışığında iki ölkə arasında əlaqələrin inkişafını vurğulayıb.
Bu telefon danışığında tərəflər Astraçay körpüsü ilə bağlı qalan işlərin sürətləndirilməsi və ən qısa müddətdə başa çatdırılması barədə razılığa gəliblər və bu körpünün yaxın 4 ay ərzində istifadəyə verilməsi qərara alınıb.
Xudafarin elektrik stansiyasının istismara hazırlığının sürətləndirilməsi və dövrəyə daxil edilməsi tərəflərin vurğuladığı digər məsələlərdən olub.
İran və Azərbaycan Respublikası Müştərək İqtisadi Komissiyasının rəhbərləri daha sonra razılaşmaların nəticələri əldə olunana qədər müntəzəm olaraq və iki həftədə bir dəfə telefon danışıqlarını davam etdirmək barədə razılığa gəliblər.
Bu yaxınlarda Astara şəhərində keçirilən görüşə toxunan Şahin Mustafayev mütəmadi olaraq yüksək səviyyədə görüşlər təşkil etdiyinə görə, Bəzrpaşa minnətdarlığını bildirib, bu görüşlərin əhəmiyyəti və səmərəliliyi ilə bağlı Azərbaycan Respublikası hökumətinin və Prezidentinin mesajını çatdırıb.
O, həmçinin iki ölkə arasında qaldırılan məsələlərin yol və şəhərsalma naziri tərəfindən ciddi şəkildə izlənilməsini və əldə olunmuş razılaşmaların nəticələrinə nail olmaq üçün xüsusi işçi qruplarının yaradılmasını yüksək qiymətləndirib və bundan məmnunluq ifadə edib.
Daha sonra hər iki tərəf İran və Azərbaycan Respublikası Müştərək İqtisadi Komissiyasının təsdiq etdiyi məsələləri izləmək və müntəzəm hesabatlar təqdim etmək üçün nümayəndələr təyin ediblər.
Sonda Şahin Mustafayev Tehran və Bakı arasında əlaqələrin artırılması və münasibətlərin inkişafı məqsədilə ölkəmizin yol və şəhərsalma nazirini Azərbaycan Respublikasına səfərə dəvət edib.
Sizin rəyiniz