İRNA-nın “Əl-Xalic Onlayn” xəbər saytına istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı öz bəyanatında bu görüşü Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın Ukrayna münaqişəsinin həlli ilə bağlı plan və səylərinin davamı adlandırıb.
Bəyanatda qeyd olunur ki, Səudiyyə hökuməti bu görüşün dialoq və əməkdaşlığı gücləndirməsinə kömək edəcəyinə, beynəlxalq təhlükəsizliyi təmin edə və böhranın gələcək humanitar və iqtisadi təsirlərinin qarşısını ala biləcəyinə ümid edir.
İRNA-nın “Reuters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ukrayna hökumətinin nümayəndəsi də daxil olmaqla, danışıqlar aparan nümayəndə heyətləri Səudiyyə Ərəbistanının bu aşınma müharibəsinə son qoymaq planına əsaslanan həll yolu tapmaq üçün dünən cümə günü Ciddəyə gəlib.
Ukraynanın Ciddədəki danışıqlar qrupunun rəhbəri Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak dünən deyib: “Rusiyanın Ukraynadakı müharibəsinə son qoymaq üçün dinc yolla çözüm tapmaq məqsədi ilə Səudiyyə Ərəbistanında danışıqlar başlayır. Bununla belə, bu görüş problemlərlə üzləşə bilər, lakin Kiyev daha çox ölkəni öz sülh formuluna inandırmaqla Rusiya ilə bu müharibənin sülh yolu ilə bitməsinə ümid edir.”
O, dünən, cümə günü teleqramında yayımlanan televiziya müsahibəsində deyib: “Aramızda çoxlu fikir ayrılıqları var və müxtəlif mövqelər eşitmişik, amma prinsiplərimizin ortaq olması vacibdir.”
Bu xəbərə əsasən, Ukrayna və onun müttəfiqləri Rusiyadan başqa 40-a yaxın ölkənin milli təhlükəsizlik müşavirləri və digər yüksək vəzifəli şəxslərin Ciddədə keçirilən görüşündə Rusiyanın Ukraynadakı müharibəsinə necə son qoyacağına dair əsas prinsipləri razılaşdırmağa ümid edirlər.
Rusiya bu görüşdə iştirak etmir, lakin bu danışıqlara “nəzarət edəcəyini” bildirib.
Rusiya ilə güclü əlaqələri olan Çin cümə günü Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huini danışıqlara göndərəcəyini açıqlayıb.
Ukrayna, Rusiya və digər beynəlxalq rəsmilər deyirlər ki, hazırda müharibə davam etdiyi üçün Ukrayna və Rusiya arasında birbaşa sülh danışıqlarının perspektivi yoxdur.
Lakin Ukrayna Hindistan, Braziliya və Cənubi Afrika kimi ölkələrlə əlaqə saxlamaqla, hansı ki, onların bir çoxu bu münaqişədə bitərəf qalıblar – əsas Qərb himayədarlarından kənarda daha geniş diplomatik dəstək koalisiyası qurmağı planlaşdırır.
Kremlin sözçüsü Dmitri Peskov dünən Rusiyanın Səudiyyə Ərəbistanı danışıqlarını izləyəcəyini bildirərək deyib ki, onun ölkəsində Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün heç bir “ilkin şərt” yoxdur.
Peskov eyni zamanda, Kiyevin sülh arzusunda olmasına inanmadığını bildirib.
Sizin rəyiniz