6 avqust 2023 at 11:24
Jurnalist kodu: 5487
Xəbər kodu: 85190608
T T
0 Persons

Tags

Qafqazda sülhün əleyhdarları və tərəfdarları

6 avqust 2023 at 11:24
Xəbər kodu: 85190608
Möhsin Pakayin
Qafqazda sülhün əleyhdarları və tərəfdarları

Tehran - İRNA - Azərbaycan və Ermənistan arasında danışıqların yeni raundunun başlaması ilə tərəflər davamlı sülhün əldə olunmasına ümidlərini ifadə edirlər.

Bu inkişafın ciddiliyini, onun əleyhdarları və tərəfdarlarının mövqelərini başa düşmək üçün aşağıdakı məqamlar diqqəti çəkir.

1. Azərbaycan Respublikası ikinci Qarabağ müharibəsindən sonra qarşısına qoyduğu məqsədlərin mühüm hissəsinə nail oldu və hələlik, Qarabağın tam azad olunmasını özünün son məqsədi hesab edir. Bu məqsədə də çatmaq olar. Çünki Ermənistanın baş naziri Paşinyan açıq şəkildə bəyan etdi: “İrəvan Qarabağın da daxil olduğu 86 min 600 kvadrat kilometr ərazisi olan Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanımağa hazırdır. Mən və Azərbaycan Prezidenti razılığa gəldik, daha doğrusu anlaşdıq ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanısın. Ermənistanın ərazisi 29,8 min kvadrat kilometr, Azərbaycanın ərazisi isə 86,6 min kvadrat kilometrdir.”

Əliyev də müxtəlif vaxtlarda Ermənistanın ərazi bütövlüyünün tanındığını vurğulayıb. Ona görə də iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması Azərbaycanın Qarabağ və Laçın dəhlizində, Ermənistanın isə Sünik vilayətində və “Zəngəzur” adlandırılan keçid üzərində suverenliyinin həyata keçirilməsi deməkdir.

2. Ermənistanı narahat edən növbəti məsələ Qarabağdakı ermənilərin vəziyyətinin gələcəyidir. Azərbaycan Prezidentinin ermənilərə Azərbaycan Respublikası cəmiyyətinin bir hissəsi kimi vətəndaşlıq hüquqlarından faydalanacaqlarına dair təminat verməsinə diqqət etməklə, Ermənistanın narahatlığı aradan qalxır. Bir neçə gün əvvəl İlham Əliyev “Euronews”-a müsahibəsində dedi: “Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Biz onlara normal həyat təklif edirik. Düşünürəm ki, onlar mənə qulaq assalar başa düşəcəklər və bilirlər ki, mən sözümə əməl edirəm.”

Paşinyan bu təklifi müsbət qarşılayıb və Qarabağ ermənilərini Bakının suverenliyini qəbul etməyə razı salmağa hazır olduğunu bəyan edib.

İyulun sonunda Rusiyanın xarici işlər naziri Lavrov da təsdiqlədi ki, İrəvan Qarabağ ermənilərini Bakı ilə dialoqun vacibliyinə inandırmağın zəruriliyini başa düşür. Azərbaycan Respublikası da öz növbəsində Qarabağ ermənilərinin hüquqlarına təminat verməyə hazırdır.

3. Eyni zamanda, iki qonşu arasında sülhün əldə olunmasını öz maraqlarına uyğun hesab etməyən Türkiyə müxalifət yolunu davam etdirir. Son günlərdə Türkiyə Prezidenti Ərdoğan Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla görüşündə deyib: “Zəngəzur dəhlizi dərhal açılmalıdır.”

Təbii ki, bu keçid Ermənistanın ərazi bütövlüyünü qorumaq və bu ölkənin suverenliyini həyata keçirməklə açılsa, Azərbaycan Respublikası ilə sülh yolu açılacaq. Bəs Ərdoğan Ermənistanın ərazi bütövlüyünün qorunub saxlanmasını qəbul edirmi? Türkiyə bu mövzuda adətən açıq danışmır və Bakı ilə İrəvan arasındakı tarixi ixtilafları yaşatmağa çalışır. Azərbaycanın xarici işlər naziri Bayramov isə həmkarı ilə birgə mətbuata müsahibəsində Türkiyə tərəfinin bəyanatı qarşısında sakit qalıb. Bu, Bakının Ankaranın gizli mövqelərini bilməsinin göstəricisi ola bilər. Türkiyənin Azərbaycanı təxribata çəkib sülhə mane olmaqda məqsədi Ermənistan hökumətinə Sünik vilayəti keçidindən istifadə etmək üçün təzyiq göstərməkdir. Bakı yaxşı bilir ki, Türkiyə ilə Ermənistan arasında erməni qırğını ilə bağlı mübahisənin yüz ildən çox yaşı var və bu məsələ bu iki ölkə arasında həll olunmalıdır. Ona görə də Azərbaycan Respublikasının öz maraqlarını Türkiyənin mənafeyinə qurban verməməsi, sülh yolundan sapınmaması daha ağıllı mövqe olar.

4. Qafqaz regionunda aktivləşməni Azərbaycana və ya Ermənistana kömək etmək üçün deyil, Rusiya ilə rəqabət kontekstində görən Qərb fraksiyası, yəni ABŞ və Avropa İttifaqı da sülh danışıqlarının uğurlu olmasını öz maraqlarına uyğun hesab etmirlər. Qərb dövlətləri Qafqazda münaqişəni davam etdirməkləbu regionda və Rusiyanın qulağının dibində mövcudluğunu artırmaqda və bu ölkənin mövqeyini zəiflətməkdə maraqlıdırlar. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller çərşənbə axşamı, avqustun 2-də dedi: “Onun ölkəsi hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin əldə edilməsi üçün hər iki tərəf çətin kompromislərə getməlidir. Buna görə də ABŞ-ın dövlət katibi Antoni Blinken Ermənistan və Azərbaycan liderləri ilə danışıqları davam etdirir.”

Amerika və Qərb siyasəti Rusiyanı təcrid etməyə müdaxilə etmək məqsədi ilə danışıqların “sərtliyi”nə uyğun hərəkət edir.

5. Ermənistanla Azərbaycan arasında vasitəçi kimi çıxış edən Rusiya onları 44 günlük müharibədən sonra atəşkəs sazişi imzalamağa razı saldı, Ermənistan və Azərbaycan sərhədlərində bu sazişin icrasına müşahidəçi qismində iştirak etməyi təsbit etdi. Moskva hələ də Qafqazda qalmaqda maraqlıdır. Buna görə də sülh sazişinin tezliklə hazırlanmasından narahatlığını ifadə edir. ABŞ və Avropa kimi Qafqazda sülhün bərqərar olmasını Qərblə rəqabət kontekstində müəyyən edən Rusiya, hələ də tərəflərin danışıqlarının nəticəyə çatmamasında maraqlıdır ki, beləliklə, Qafqazda iştirakı üçün lazımi əsasa malik olsun.

Rusiya XİN-nin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar cümə günü “TASS” Xəbər Agentliyinə müsahibəsində dedi: “Kobud və tələsik hazırlanmış sülh sazişi bölgəyə davamlı sülh gətirməyəcək. Əksinə, gələcəkdə Ermənistanla Azərbaycan arasında çox həssas və təfərrüatlı münasibətlərdə yeni münaqişələrin və faciələrin əsasına çevrilə bilər. Ona görə də prioritet sürətə deyil, sülh sazişi üçün balanslaşdırılmış və qarşılıqlı məqbul qərarların keyfiyyətcə hazırlanmasına yönəlməlidir.”

İki həftə əvvəl İlham Əliyev dedi ki, (Rusiya) müşahidə qüvvələrinin mövcudluğu müvəqqətidir və bu mövcudluğu uzun müddət davam etdirməyə ehtiyac yoxdur.
Təbii ki, Əliyevin bu açıqlamaları rusları sevindirməməlidir.

6. Bu sahədə İran İslam Respublikası beynəlxalq standartlara uyğun prinsipial mövqelərə malikdir. İran Qafqazda ədalətli sülhün bərqərar olmasını alqışlayır və bunu ölkələrin ərazi bütövlüyünün tanınması, beynəlxalq sərhədlərin dəyişdirilməməsi və ermənilərin hüquqlarının qorunması kölgəsində mühüm hesab edir. Eyni zamanda, İrəvan və Bakı əsas danışıqlar aparan tərəflərdir və transregional ölkələrin buna daxil olması sülhün bərqərar olması üçün faydalı ola bilməz. ABŞ və ya Avropa Birliyi kimi yalnız öz maraqlarını təmin etmək ardınca olan ölkələrin müdaxiləsi yeni etibarsızlıqlara səbəb ola bilər. Atəşkəs razılaşmasının əldə olunmasına kömək etmiş və nəzarət vəzifəsini yerinə yetirən Rusiya da sülhün tam bərqərar olması ilə Bakı və İrəvanla razılaşdıqdan sonra nəzarət missiyasının bitdiyini elan edə bilər.

Ümumiyyətlə, ədalətli sülhün bərqərar olması regionda təhlükəsizlik və sabitlik yaradacaq, 3+3 formatında iqtisadi qarşılıqlı fəaliyyətə zəmin hazırlayacaq. Belə olan halda Azərbaycan, Ermənistan və Gürcüstanla yanaşı İran, Rusiya, Türkiyə qeyri-konstruktiv rəqabəti konstruktiv əməkdaşlıqla əvəz edə bilər. Odur ki, Bakı ilə İrəvan arasında danışıqların davam etdirilməsinə dəstək vermək və sülhün bərqərar olmasına mane olmamaq nəinki iqtisadi əməkdaşlığı gücləndirəcək və xarici müdaxilənin qarşısını alacaq, həm də üçüncü Qarabağ müharibəsi ehtimalını aradan qaldıracaq.

Sizin rəyiniz

You are replying to: .