İRNA-nın “Trend” xəbər agentliyinə istinadən verdiyi məlumatına görə, Əliyev bu müsahibədə bir daha vurğulayıb ki, Bakı sülh sazişinin imzalanmasını və sərhədlərin müəyyən edilməsi prosesinə başlamağı təklif edib.
Əliyevin fikrincə, Ermənistan Qarabağ bölgəsinin Azərbaycan Respublikası qüvvələri tərəfindən tamamilə geri alınmasından sonra şərq qonşusu ilə razılığa gəlməyə daha çox həvəslidir. Çünki onun sözlərinə görə, “separatçı rejimin ləğv edilməsi ilə, Ermənistana daha cəsarətli davranmağa və ya danışıqlara getməyə mane olan əsas amil artıq mövcud deyil.”
O, Ermənistanın təkliflərinin iki gün əvvəl alındığını açıqlayaraq, onların Bakı tərəfindən dəyərləndiriləcəyi barədə məlumat verib və Ermənistan tərəfi ilə təmasların davam etdirildiyini vurğulayıb.
Əliyev deyib: “Sülh üçün alternativ yoxdur və əgər sülh sazişi imzalanmasa, bu, bütöv bölgə üçün çox pis olacaq.”
Ermənistan və Azərbaycan cümə axşamı (7 dekabr) bəyanat yayaraq, iki ölkə arasında münasibətlərin normallaşdırılması və hərbi əsirlərin mübadiləsinə dair razılığa gəldiklərini elan etdilər.
Bu bəyanata əsasən, Azərbaycan 32 erməni əsgərinin, Ermənistan da Azərbaycanın 2 əsgərinin azad edilməsinə razılıq verib.
BMT Baş katibi Antonio Quterreş, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, ABŞ, Rusiya və Türkiyə rəsmiləri bu addımı alqışlayıblar.
Quterreşin sözçüsü Stefen Dujarrik dünən tərəfləri qarşılıqlı etimadı artırmağa və uzunmüddətli sülhə nail olmağa çağırıb.
Mişel də bu “irəliləyiş”dən məmnunluğunu ifadə edib və bunu “Cənubi Qafqaz regionunda davamlı sülhün bərqərar olması istiqamətində mühüm addım” hesab edib.
Sizin rəyiniz