Ayətullah Seyid İbrahim Rəisi Araz sərhəd çayı üzərində birgə “Qız Qalası” hidroqovşağının açılış mərasimində iki ölkə arasındakı münasibətləri qonşuluq münasibətlərinin fövqündə hesab edərək deyib: “Bizim dost, qardaş və qonşu Azərbaycan ölkəsi ilə münasibətlərimiz, İnqilabın Ali Rəhbərinin sözü ilə desək, qonşuluq münasibətlərinin fövqündədir və qohumluq münasibətidir. Bu münasibət və əlaqə iki xalqın və ölkənin inanclarına söykənən güclü bir əlaqədir, bizim tarix, sivilizasiya və keçmişimizi bir-birinə bağlayır.”
Prezident əlavə edib: “İki ölkə və iki xalq arasındakı bu keçmiş və mehriban münasibət qırılmazdır, İran və Azərbaycan xalqları arasında əlaqələr heç bir halda kəsilməyəcək.”
Ayətullah Rəisi “Qız Qalası” bəndinin açılışını İran və Azərbaycan xalqlarının iradəsi və əməkdaşlığının simvolu hesab edərək deyib: “Araz çayı həmişə Azərbaycan və İranın əziz xalqlarını birləşdirən bağ olub. Bu əlaqə 50 il bundan əvvəl, iki ölkə və iki xalq arasında Araz bəndi ilə əməkdaşlıq qurulduğu vaxtdan başlayıb və davam edib. Bu gün İranla Azərbaycan arasındakı əlaqə 2 milyard kubmetr suyu tənzimləyən, 4 elektrik stansiyasını işə salan və 40 min iş yeri yaradan Xudafərin bəndində aydın görünür. Bu layihə regional inkişafın, iki xalqın və iki ölkənin iradəsinin və əməkdaşlığının simvoludur. Bu layihə çox önəmlidir, əziz İran və Azərbaycan xalqına ümid verir, iki xalqın və iki ölkənin düşmənlərini isə məyus edir.”
Qarabağın Azərbaycana məxsus olduğunu deyən ilk ölkələrdən olduq
Ayətullah Rəisi dost və qardaşımız Azərbaycana və digər ölkələrə texniki və mühəndislik xidmətləri ixrac etməyə hazır olduğumuzu vurğulayaraq deyib: “Biz Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə inanırıq. Bəlkə də Qarabağ bölgəsinin Azərbaycana məxsus olduğunu elan edən ilk ölkələr sırasında biz olduq. Həm də bunu açıq şəkildə bildirdik. Həm İnqilabın müdrik Rəhbəri bunu bəyan etdi, həm də İran İslam Respublikasının rəsmiləri bildirdilər. Biz Qarabağ bölgəsini qurmağa və bu bölgədə İran İslam Respublikasının mühəndislik imkanlarından istifadə olunmasına hazırıq.”
Prezident deyib: “Araz dəhlizinin və ya 104 kilometrlik strateji və əsas Kəlalə-Ağbənd yolunun tikintisi İran və Azərbaycanın iradəsi ilə həyata keçirilməlidir. Bu layihə 6 iş istiqamətində ciddi şəkildə izlənilir. Ola bilsin ki, işi nəzərdə tutulan vaxtdan, yəni 36 aydan tez istifadəyə verə bilək. Bu, iki ölkənin və iki xalqın maraqları naminədir və regionda mühüm və strateji yoldur.”
Biz İranla Azərbaycan arasındakı sərhədi ümid və fürsət sərhədinə çevirəcəyik
Ayətullah Rəisi bildirib: “İnanırıq ki, təkcə iki ölkə arasında deyil, həm də hər iki ölkənin üzv olduğu təşkilatlarda regional və qeyri-regional əməkdaşlıq səmimi şəkildə davam etdirilməlidir. Fələstin məsələsi İslam dünyasının ilk məsələsidir. İran və Azərbaycan xalqlarının həmişə Fələstin və Qəzzə xalqını dəstəklədiyinə və sionist rejimə nifrət etməkdən çəkinmədiyinə heç bir şübhəmiz yoxdur.”
Prezident əlavə edib: “İki ölkə və qonşuluq arasında əməkdaşlıq regional və beynəlxalq əməkdaşlığa səbəb olmalıdır. Bu, iki ölkənin rəsmilərinin iradəsidir. Ola bilər ki, bəziləri İranla Azərbaycan arasındakı əlaqədən məmnun qalmasın, amma bizim üçün önəmli olan iki xalqın və iki ölkənin maraqlarıdır.”
Prezident qeyd edib: “Düşmənlər Azərbaycanın və İslami İranın tərəqqisini görmək istəmirlər, amma biz hesab edirik ki, Azərbaycanda hər hansı tərəqqi bizim tərəqqimizdir və iki ölkənin sərhədlərində hər hansı bir təhlükə hər iki ölkə üçün ziyanlıdır. İnanırıq ki, sərhədlər narahatlıq nöqtəsi olmaqdansa, biz sərhədləri iqtisadi və ticari inkişaf üçün ümid və fürsət sərhədinə çevirəcəyik.”
Sizin rəyiniz